Regional inkişaf və infrastruktur nazirlikləri birləşdiriləcək və regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi, böyük ehtimalla, artıq yaradılmayacaq
Regional inkişaf və infrastruktur nazirlikləri birləşdiriləcək və ayrıca regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi artıq yaradılmayacaq. Bu barədə jurnalistlərə parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvilinin izahatına əsasən, hökumət yeni vəzifənin yaradılması ilə bağlı qanunvericilik dəyişikliklərini parlamentdən geri çəkəcək və onun əvəzinə yeni dəyişikliklər təqdim edəcək ki, parlament bunu növbəti sessiya həftəsində müzakirə edəcək.
Şalva Papuaşvilinin verdiyi məlumata əsasən, Mamuka Mdinaradzenin siyasətdən getməsi nəzərə alınaraq, yeni vəzifənin yaradılmasına ehtiyac qalmır.
“Müzakirə gedir və böyük ehtimalla, regional inkişaf və infrastruktur nazirliyinin birləşdirilməsi baş verəcək. Məncə, lap əvvəldən deyildi ki, hüquq-mühafizə orqanlarının koordinasiyası şəklində baş nazirin Mamuka Mdinaradzeyə tapşırdığı tapşırıqlar onun şəxsi imkanlarından irəli gəlirdi və o, bu funksiyanı çox yaxşı yerinə yetirdi, bu sistem yaxşı qurulub. Koordinasiya nöqteyi-nəzərindən eyni şeyin regional istiqamətdə də edilməsi arzusu var idi. Mamuka Mdinaradzenin siyasətdən getmək qərarı qəbul etməsindən irəli gələrək, bu ehtiyac artıq yoxdur. Bu vəzifənin yaradılması məhz Mamuka Mdinaradzenin imkanlarından irəli gələrək düşünülmüşdü. Buna siyasi təcrübə lazımdır ki, bu da xüsusilə Mamuka Mdinaradzedə var idi. Hüquq-mühafizə qurumları istiqamətində onun fəaliyyəti bunun ən yaxşı sübutudur. Əlbəttə ki, bu vəzifənin yaradılması Mamuka Mdinaradzenin təcrübəsindən, nüfuzundan və biliyindən irəli gələrək düşünülmüşdü” – Papuaşvili bildirib.
Avqustun 27-də Mamuka Mdinaradze regional inkişaf naziri vəzifəsindən istefa verib və siyasətdən getdiyini bəyan edib.
Xatırladaq ki, iyulun 29-da Hökumət Administrasiyasında keçirilən brifinqdə Gürcüstan hökumətinin strukturunda regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinin yaradılacağı və bu vəzifəni Mamuka Mdinaradzenin tutacağı, sentyabrda isə Regional İnkişaf Nazirliyinin ləğv ediləcəyi bəyan edilmişdi. Dövlət naziri vəzifəsi yaradılana qədər Mamuka Mdinaradze regional inkişaf naziri vəzifəsini tuturdu.