Rafael Qrossi: İran uranı zənginləşdirə bilər, lakin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən yoxlama təmin olunmalıdır
İran uranı zənginləşdirə bilər, lakin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən zənginləşdirilmiş uranın yoxlanılması təmin edilməlidir – bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
Qrossinin sözlərinə görə, yoxlamalar ona görə vacibdir ki, materialın möhürlənib-möhürlənmədiyi və başqa məqsədlər üçün yönləndirilib-yönləndirilmədiyi müəyyən edilsin.
“Bizim üçün uyğunluq tam inspeksiya çıxışının təmin olunması deməkdir”, – deyə Rafael Qrossi qeyd edib.
İsrail ötən il ABŞ və İran arasında nüvə danışıqlarının altıncı raundunun keçirilməsinə 48 saat qalmış müharibəyə başlayıb.
Qrossinin sözlərinə görə, İsrailin İranı bombalamaq qərarı İranda yeni obyektin planlaşdırılan yoxlanmasını da ləngidib.
“Müharibədən az əvvəl İran İsfahanda yeni yeraltı obyektin açıldığını elan etmişdi və biz dərhal ora çıxış tələb etdik. Bizə çıxış verildi və səfərimiz 13 iyuna planlaşdırılmışdı”, – deyə Rafael Qrossi bildirib.