Radoslav Sikorski - Trampın Putinin ona istehza etdiyini görməsinin vaxtı çatıb
Trampın Putinin ona istehza etdiyini görməsinin vaxtı çatıb – bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Sikorski bildirib ki, ümid edir ki, ABŞ Prezidenti Donald Tramp nəhayət ki, Rusiya Prezidenti ilə “dostluq razılaşması”na nail olmaq cəhdinin perspektivi olmadığını anlayacaq və yanaşmasını dəyişəcək.
Jurnalistin Donald Trampın gec-tez Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verəcəyinə inanıb-inanmadığı sualına Sikorski cavabında buna ümid etdiyini deyib.
“Prezident Trampın Putinin ona istehza etdiyini görməsinin vaxtı çatıb. Putin atəşkəs əvəzinə getdikcə daha çox dron buraxır – əvvəlcə Ukraynaya, indi isə NATO-ya qarşı. Ona görə də ümid edirəm ki, bu prosesin sonunda ciddi, razılaşdırılmış hərəkətlər görəcəyik” – Polşanın xarici işlər naziri qeyd edib.
Sikorski bildirib ki, Polşa Rusiya-Ukrayna müharibəsini diplomatik yollarla dayandırmaq cəhdlərinə hörmətlə yanaşır və əlbətdə, Ukraynada sülhün mümkün qədər tez bərqərar olmasını istəyir.
“Lakin, bizim fikrimizcə, Putin yalnız sərt addımlarla reaksiya verəcək. Putin çox uzun müddətdir ki, prezident Trampın xoş niyətindən sui-istifadə edir” – Sikorski bildirib.