Radoslav Sikorski – Putin açıq şəkildə yanlış məlumatlandırılıb, öz vəziyyəti və perspektivləri haqqında real təsəvvürü yoxdur, əks halda razılaşmaya gedərdi
Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Rusiya-Ukrayna müharibəsindəki hazırkı vəziyyət Rusiya Prezidenti Vladimer Putinə təzyiq göstərir.
O, bu vəziyyətin Rusiya Prezidentini “nəsə riskli addım” atmağa sövq edə biləcəyini deyib.
Sikorski bu bəyanatı Rusiyanın münaqişəni Ukraynadan qərb istiqamətinə daha da genişləndirməyi planlaşdıra biləcəyi ilə bağlı narahatlıqların fonunda verib.
“Rusiya iqtisadiyyatı artıq zərər çəkir. Ruslar artıq bu müharibənin sanki kənarda baş verən hansısa xüsusi hərbi əməliyyat olduğu təəssüratını yarada bilmirlər. Xəstə insan da olsa, əlində silah olan biridir. Məhz buna görə müdafiəyə bu qədər pul xərcləyirik ki, Putini Polşa ilə istənilən münaqişənin ona Ukraynadakı cinayətkar müharibəsindən də bahaya başa gələcəyinə inandıraq” – Radoslav Sikorski qeyd edib.
Sikorski, Putinin imkanlarının hər kəsin düşündüyündən daha az olduğunu, lakin Rusiya Prezidentinin niyyətlərinin daha da pis olduğunu bildirib.
“O, açıq şəkildə yanlış məlumatlandırılıb. Öz vəziyyəti və perspektivləri haqqında real təsəvvürü aydındır ki, yoxdur. Əks halda razılaşmaya gedərdi” – Polşanın xarici işlər naziri qeyd edib.
Bununla yanaşı, Sikorski ümid edir ki, Rusiya Ukraynadakı “cinayətkar macərasını” “Moskva üçün çox gec olmadan” başa çatdıracaq.