Biz hesab edirik ki, vizaya məhdudiyyətlər repressiyalara cavabdeh olan şəxslərə tətbiq edilməlidir, gürcü xalqına yox — bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Sikorskidən soruşulub ki, Polşanın vizaliberallaşmanın dayandırılması ilə bağlı mövqeyi nədir?
“Mən kommunist Polşasında doğulmuşam. Bu, avtoritar rejim idi, lakin bəzi dövrlərdə bizə xaricə səyahət etməyə imkan verirdi. Həmin dövrlərdə biz xüsusilə Avstriya, İsveç, Qərbi Berlin kimi ölkələri yüksək qiymətləndirirdik, çünki onlar bizə vizasız daxil olmaq imkanı verirdilər. Bu bizim üçün dünyaya açılan bir pəncərə idi. Biz hesab edirik ki, məhdudiyyətlər repressiyalara görə məsuliyyət daşıyan şəxslərə tətbiq olunmalıdır, gürcü xalqına yox,” – deyə Radoslav Sikorski qeyd edib.
Sikorskinin sözlərinə görə, “Polşa Avropa İttifaqının Gürcüstan üzrə Ali nümayəndəsi Kaya Kallasın siyasətini dəstəkləyir. Bu mərhələdə həmin siyasət Gürcüstan hökumətini müxalifətə qarşı hüquqi təqibləri dayandırmağa inandırmaq cəhdindən ibarətdir.”
“Mən Gürcüstanın sabiq baş nazirilə görüşdüm və ona qarşı irəli sürülən ittihamlar mənə tamamilə saxta görünür. Biz gürcü cəmiyyətinin Avropa istəklərini dəstəkləyirik. Ümid edirik ki, Gürcüstan hökuməti seçkilərdə verdiyi vədə əməl edəcək, indi etdiyini yox – bu isə Avropadan uzaqlaşma yoludur,” – deyə Radoslav Sikorski bildirib.
Eyni zamanda Polşa Xarici İşlər Nazirliyinin veb saytında Brüsseldə keçirilmiş Avropa İttifaqı Şurasının iclası barədə məlumat yerləşdirilib.
Mətbuat relizində deyilir ki, nazir Sikorski Gürcüstanda siyasi vəziyyətlə bağlı artan narahatlığını ifadə edib və bildirib ki, ölkədəki vəziyyət getdikcə avtoritar idarəçilik modelinə bənzəyir və Rusiya təsiri artır.
Sikorskinin sözlərinə görə, Polşa gözləyir ki, Gürcüstan hakimiyyəti saxlanılan şəxsləri dərhal azad edəcək və müxalifət partiyaları ilə dialoqa başlayacaq. Mətbuat relizində qeyd olunur ki, o, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas tərəfindən təklif edilən tədbirlərə, o cümlədən sanksiyalar sahəsindəki təşəbbüslərə dəstəyini ifadə edib.