Quru Nəqliyyatı Agentliyi şəhərlərarası sərnişin daşımalarının tənzimləməsində dəyişikliklərlə bağlı məlumat yayır
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin publik hüquqi şəxs Quru Nəqliyyatı Agentliyi şəhərlərarası sərnişin daşımalarının tənzimləməsində dəyişikliklərlə bağlı məlumat yayır.
Qurumun məlumatına əsasən, Quru Nəqliyyatı Agentliyinin təşəbbüsü ilə Gürcüstan hökumətinin №4, №400, №442, №426 və №407 qərarlarına dəyişikliklər edilir.
“Qeyd olunan dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək, yol-nəqliyyat hadisələrinin azaldılması, yol təhlükəsizliyinin inkişaf etdirilməsi və avtomobil nəqliyyatı sahəsində rəqabət mühiti yaratmaq məqsədi daşıyır.
Yeni tənzimləmə ilə müntəzəm sərnişin daşımalarında yalnız M3 kateqoriyalı nəqliyyat vasitələrinin istifadəsi tələbi dəyişir. Eyni zamanda, ölkədaxili müntəzəm sərnişin daşımaları həyata keçirilərkən nəqliyyat vasitələrinin taxoqraf və sürət məhdudlaşdırıcı cihazla təchiz olunması məcburi olacaq. Bu tələb M1 (miniven), M2 və M3 kateqoriyalı avtonəqliyyat vasitələrinə aiddir və sürücünün iş və istirahət rejimləri və hərəkət sürətinin nəzarətini təmin edir.
Yeni öhdəliyin tətbiqi üçün aşağıdakı müddətlər müəyyən edilib:
Taxoqraf:
• Tbilisi – Batumi: 2027-ci ilin iyunun 1-dən;
• 50 kilometrdən daha uzaq məsafədə yerləşən digər bütün yaşayış məntəqələri: 2027-ci ilin dekabrın 1-dən.
Sürət məhdudlaşdırıcı cihaz:
• Tbilisi – Batumi: 2027-ci ilin martın 1-dən;
• digər bütün yaşayış məntəqələri: 2027-ci ilin dekabrın 1-dən.
Bu yanaşma balanslı və beynəlxalq təcrübəyə uyğun qanunvericilik çərçivəsi yaradacaq, eyni zamanda sərnişinlərin təhlükəsizliyinin təşviqini, yol-nəqliyyat hadisələrinin azaldılmasını, yol təhlükəsizliyinin inkişaf etdirilməsini və avtomobil nəqliyyatı sahəsində rəqabət mühitinin yaradılmasını təmin edəcək” – Quru Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.