Qrenlandiya məsələləri üzrə ABŞ-nin xüsusi nümayəndəsi - Biz heç kimin ölkəsini ələ keçirmək cəhdi ilə getmirik, biz deyirik ki, azadlığı, iqtisadi gücü və müdafiəni təmsil edirik
Qrenlandiya məsələləri üzrə ABŞ-nin xüsusi nümayəndəsi danışıqların Danimarkaya deyil, Qrenlandiya xalqına fokuslanmalı olduğunu bildirir. Bu haqda Cef Lendris “Fox News”a danışarkən deyib.
Jurnalistin Lendrisə ABŞ-nin Qrenlandiyadakı iştirakına qarşı çıxan yüksək vəzifəli danimarkalı rəsmilərə nə təklif edərdi sualına, o, söhbətin Danimarkaya fokuslanmamalı olduğunu bildirib.
“Düşünürəm ki, Qrenlandiyalılarla müzakirə aparılmalıdır. Onlar nə istəyirlər? Hansı imkanlara sahib olmayıblar? Niyə layiq olduqları müdafiəyə sahib olmayıblar? Amerika Birləşmiş Ştatları həmişə qonaqpərvər tərəf olub. Biz ora kimisə fəth etmək və ya kiminsə ölkəsini ələ keçirmək cəhdi ilə getmirik. Biz deyirik “Bizi dinləyin, biz azadlığı, iqtisadi gücü və müdafiəni təmsil edirik” – Qrenlandiya məsələləri üzrə ABŞ-nin xüsusi nümayəndəsi deyib.