Qrantlar haqqında qanuna dəyişikliklərlə bağlı Pavel Herçinski xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili ilə görüşüb
Qrantlar haqqında qanuna dəyişikliklərlə bağlı Pavel Herçinski xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili ilə görüşüb

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə görüşüb. Bu barədə məlumatı Aİ-nin Gürcüstandakı nümayəndəliyi yayıb.

Nümayəndəliyin bildirdiyinə görə, görüşün məqsədi “Qrantlar haqqında” qanuna və onunla əlaqəli qanunvericilik aktlarına yaxın zamanda təqdim edilmiş dəyişikliklər paketi ilə bağlı Avropa İttifaqının ciddi narahatlığını ifadə etmək olub.

“2026-cı il fevralın 11-də Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski görüşlə bağlı müraciətlə Xarici İşlər Nazirliyinə üz tutub. Fevralın 12-də səfiri Gürcüstanın xarici işlər nazirinin birinci müavini cənab Giorgi Zurabaşvili qəbul edib.

Görüşün məqsədi ‘Qrantlar haqqında’ qanuna və əlaqəli qanunvericilik aktlarına yaxın zamanda təqdim edilmiş dəyişikliklər paketi ilə bağlı Aİ-nin ciddi narahatlığını ifadə etmək olub. Birinci oxunuşda qəbul edilmiş dəyişikliklərin bu formada təsdiqlənməsi Gürcüstanda vətəndaş məkanına və siyasi fəaliyyətə iştirak imkanlarına daha bir ciddi təhlükə yaradacaq. Səfir vurğulayıb ki, bu cür tədbirlər Gürcüstanın Aİ–Gürcüstan Assosiasiya Sazişi çərçivəsində götürdüyü öhdəliklərlə uzlaşmır və Gürcüstanın Aİ-yə namizəd ölkə kimi üzərinə götürdüyü öhdəliklərə ziddir.

Aİ səfiri qeyd edib ki, dəyişikliklər təsdiqlənəcəyi təqdirdə, Gürcüstanda fəaliyyət göstərən diplomatik missiyaların işinə birbaşa və mənfi təsir göstərə bilər ki, bu da Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəa və prinsiplərinə ziddir.

Gürcü tərəfi, həmçinin, Aİ-nin sanksiyaları məsələsini gündəmə gətirib. Səfirin məlumatına görə, fevralın 6-da Avropa Komissiyası tərəfindən Rusiyaya qarşı təklif olunan 20-ci sanksiyalar paketi hazırda Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə olunur.

Tərəflər hadisələrin inkişafı ilə bağlı əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər”, – deyə Aİ nümayəndəliyinin yaydığı məlumatda bildirilir.