Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz ali və peşə təhsili müəssisələrinə abituriyentlərin qəbulu haqqında məlumat dərc edir
Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz ali və peşə təhsili müəssisələrinə abituriyentlərin qəbulu haqqında məlumat dərc edir.
Milli Mərkəzin məlumatına əsasən, müvafiq təhsil proqramı üzrə təhsil almaq hüququ qazanıb-qazanmadığını öyrənmək üçün imtahan verən şəxs online.naec.ge veb-saytına daxil olmalı, müvafiq xanaya isə şəxsi nömrəsini və şifrəsini daxil etməlidir.
“Xatırladaq ki, ali təhsil islahatı çərçivəsində bu il abituriyentlərə istədikləri sayda ali təhsil proqramları ilə yanaşı, peşə təhsili proqramlarını da seçmək imkanı verilib. Bununla yanaşı, dövlət tərəfindən təsis edilmiş ali və peşə təhsili müəssisələrində təhsil almaq hüququ qazanmış abituriyentlərin tam şəkildə maliyyələşdirilməsini dövlət təmin edir.
2026-cı ildə Vahid Milli İmtahanların nəticələri əsasında 34 150 abituriyent ali və peşə təhsili müəssisələrində təhsil almaq hüququ qazanıb. Bakalavr pilləsində 29 481 abituriyent təhsil alacaq. Onlardan 17 862 abituriyent dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə, 11 619 abituriyent isə özəl ali təhsil müəssisələrinə qəbul olunub. Peşə təhsili proqramları üzrə təhsilini davam etdirmək hüququnu 3 141 abituriyent qazanıb (1 322-si dövlət peşə məktəblərində, 1 819-u isə özəl peşə məktəblərində).
Gürcü dilində hazırlıq proqramına 1 528 imtahan verən qəbul olunub (dövlət ali təhsil müəssisələrinə – 1 495, özəl ali təhsil müəssisələrinə – 33). Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz abituriyentlərə xatırladır ki, müqavilə bağlamaq üçün mütləq təhsil almaq hüququ qazandıqları ali təhsil müəssisəsi ilə əlaqə saxlasınlar” – yayılmış məlumatda deyilir.