Qivi Mikanadze – Yeni tədris ilinin başlaması münasibətilə sizi təbrik edirəm, yeni tədris ili hər bir şagird və tələbə üçün maraqlı kəşflərin, yeni imkanların və uğur yolunun başlanğıcı olacaq

10:10, 15.09.2026

 

İnanıram ki, yeni tədris ili hər bir şagird və tələbə üçün maraqlı kəşflərin, yeni imkanların və uğur yolunun başlanğıcı olacaq – bu barədə Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadzenin bəyanatında deyilir.

“Şagirdləri, müəllimləri, valideynləri, məktəb direktorlarını, tələbələri və bütün cəmiyyəti yeni tədris ilinin başlaması münasibətilə ürəkdən təbrik edirəm!

Xüsusilə də bu gün ilk dəfə məktəbin qapısından içəri daxil olacaq birinci sinif şagirdlərimizi təbrik edirəm.

Məktəb gələcəyə ilk addımların atıldığı, uşaqların bilik almaqla yanaşı, bir-birinə hörmət etməyi, dostluğu, məsuliyyəti və öz imkanlarına inanmağı öyrəndikləri yerdir.

Hər bir şagird üçün təhlükəsiz, sağlam və müasir tədris mühitinin təmin edilməsi bizim əsas vəzifəmizdir. Ümumi təhsil islahatı və son illərdə həyata keçirilən hər bir təşəbbüs məhz bu məqsədə xidmət edir.

Müəllimlərimizə, məktəb direktorlarımıza və əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirmək istəyirəm — sizin peşəkarlığınız, fədakarlığınız və gündəlik zəhmətiniz şagirdlərin inkişafında və məktəb mühitinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır.

Valideynlərə etimad və dəstəyə görə təşəkkür edirəm. Sizin məktəb həyatında iştirakınız və dəstəyiniz uşağın uğurunun vacib bünövrəsini yaradır.

İnanıram ki, yeni tədris ili hər bir şagird və tələbə üçün maraqlı kəşflərin, yeni imkanların və uğur yolunun başlanğıcı olacaq.

Bir daha sizi təbrik edirəm! Sizə bəhrəli, maraqlı, sevinc və unudulmaz təəssüratlarla dolu bir il arzulayıram!” – Qivi Mikandzenin bəyanatında deyilir.

Oxşar