Qivi Mikanadze Tbilisi Dövlət Universitetinin məzunlarının buraxılış tədbirində iştirak edib

14:04, 18.07.2026

 

Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 2026-cı ilin məzunlarının buraxılış tədbirində iştirak edib.

Nazir məzunları təhsillərini başa vurmaları münasibətilə təbrik edib və onlara uğur arzulayıb.

“2026-cı ilin məzunlarının buraxılış tədbiri xüsusi əhəmiyyət kəsb edir – bu il biz böyük İvane Cavaxişvilinin 150 illik yubileyini və xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyini qeyd edirik. İndi hər bir məzun sevinir, lakin bütün bacarıq və səylərini gənclərə bilik verməyə həsr etmiş hər bir professor-müəllimin qəlbindəki sevinc də az deyil.

Gənclərə müraciət etmək istəyirəm — imkanlarınıza inanın və unutmayın ki, hər birinizin uğuru, ilk növbədə, ölkəmizin fəxri və uğurudur. İnanıram ki, öz bilik və peşəkarlığınızla ailənizi, müəllimlərinizi və sevimli vətənimizi dəfələrlə ucaldacaqsınız!” – Qivi Mikanadze bildirib.

Tədbirdə bakalavriat və magistratura pillələri üzrə yeddi fakültənin hamısının uğurlu məzunları mükafatlandırılıb. Onlara fərqlənmə diplomları və xatirə hədiyyələri verilib. Tədbir çərçivəsində Tbilisi Dövlət Universitetinin kapellası Gürcüstanın dövlət himnini, professorlar və administrasiyanın əməkdaşları isə tələbə himni olan “Gaudeamus”u ifa ediblər.

Buraxılış tədbirinin sonunda universitetin fasadında 3D proeksiya təşkil edilib. Tbilisi Dövlət Universitetinin bu il 3298 məzunu var. 2026-2027-ci tədris ilində isə universitet bakalavriat və magistratura pillələrinə 8600-dən çox birinci kurs tələbəsi qəbul edəcək.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar