Qivi Mikanadze - Şagirdləri, valideynləri və müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, təhsil ölkəmizin aydın gələcəyini yaradan qüvvədir, sizə uğurlarla dolu tədris ili arzulayıram
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze şagirdləri, müəllimləri, valideynləri və bütün məktəb ictimaiyyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edir.
“Əziz şagirdlər, valideynlər və müəllimlər, sizi yeni tədris ilinin başlanması münasibətilə bütün qəlbimlə təbrik edirəm! Bu gün həqiqətən də xüsusi gündür – balacalarımız, birinci sinif şagirdləri ilk dəfə olaraq məktəbə qədəm basacaqlar, şagirdlər və müəllimlər isə tədris prosesinə qayıdacaqlar.
Hər bir şagirdin keyfiyyətli təhsil almaq, inkişaf etmək və öz potensialını tam üzə çıxarmaq üçün bərabər imkana malik olması əsas məqsədimizdir. Bunun üçün biz ölkə miqyasında bütün məktəblərin müasir standartlara uyğun tədris mühitinə malik olması üçün infrastruktur layihələrini həyata keçirməyə davam edirik.
Biz yeni tədris ilini bir sıra yenilənmiş məktəblə qarşılayırıq və bu, dövlətin təhsil infrastrukturunun yaxşılaşdırılması, eləcə də tədris və əmək üçün layiqli şəraitin yaradılması üçün atdığı məhz mühüm addımların nəticəsidir.
Məktəbin bütün müəllimlərinə, direktor və əməkdaşlarına səmimi təşəkkürümü bildirmək istəyirəm, çünki siz gələcək nəslin tərbiyəsi və təhsili işinə ən böyük töhfə verirsiniz və bu zəhmət həqiqətən də ölçüyəgəlməz dəyərə malikdir. Mən hər zaman deyirəm, məhz təhsil ölkəmizin aydın gələcəyini yaradan qüvvədir. Bir daha sizi təbrik edirəm! Sizə maraqlı, məhsuldar və uğurlarla dolu yeni tədris ili arzulayıram!” – Qivi Mikanadze qeyd edir.