Qivi Mikanadze gənclik məsələləri üzrə BMT-nin baş katibinin müavini ilə görüşüb
Qivi Mikanadze gənclik məsələləri üzrə BMT-nin baş katibinin müavini ilə görüşüb

 

Təhsil, elm və gənclik naziri Qivi Mikanadze Amerika Birləşmiş Ştatlarında BMT-nin baş ofisində gənclik məsələləri üzrə baş katibin müavini Felipe Paulier ilə görüşüb.

Görüşdə tərəflər gənclər siyasətinin inkişafı məqsədilə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir BMT-nin nümayəndəsini Gənclik Agentliyinin fəaliyyəti və gələcək planları ilə tanış edib.

Tərəflər ECOSOC Gənclik Forumunun əhəmiyyətinə və Gürcüstanın Qlobal Gənclər Dialoqunda fəal iştirakına xüsusi diqqət yetiriblər.

2026-cı ilin Fəaliyyət Planına və gənclik sektorunun ehtiyaclarını qiymətləndirmək məqsədilə nazirlik tərəfindən aparılan tədqiqata toxunulub.

Nazirin qeyd etdiyi kimi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və gənclərin ölkə üçün vacib proseslərdə iştirakı Gürcüstan hökuməti üçün xüsusi prioritetdir. Bu məqsədlə agentlik gənclər düşərgələri, qrant müsabiqələri və məsləhətçilər şuraları da daxil olmaqla bir sıra vacib layihələr həyata keçirir.

Qivi Mikanadze Gürcüstanın Azərbaycan və Ermənistanla əməkdaşlıqla həyata keçirdiyi beynəlxalq düşərgələr haqqında da danışıb. Onun sözlərinə əsasən, bu il Türkiyə də bu layihədə fəal iştirak edəcək.

Gənclik məsələləri üzrə BMT-nin baş katibinin müavini təcrübəsini bölüşdüyünə görə nazirə təşəkkür edib və gürcü tərəfi ilə gələcək əməkdaşlığa tam hazır olduğunu bildirib.

Görüşün sonunda Felipe Paulier Qivi Mikanadzeni noyabr ayında Nyu-Yorkda keçiriləcək beynəlxalq foruma dəvət edib.

Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayır.