Qivi Mikanadze Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Jana Andreasyanla tanışlıq məqsədli görüş keçirib
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Jana Andreasyana ev sahibliyi edib.
Təhsil Nazirliyinin məlumatına əsasən, tanışlıq məqsədli görüşdə tərəflər iki ölkə arasında təhsil, elm və gənclik sahələrində mövcud əməkdaşlıq və birgə təhsil layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
“Gürcüstanın təhsil, elm və gənclik naziri erməni həmkarını təhsilin hər üç pilləsindəki cari yeniliklər və planlaşdırılan islahatlarla tanış edib.
Gənclərin birgə düşərgələrinin təşkilinə, Gürcüstan və Ermənistan universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi, elmi və tədqiqat fəaliyyəti baxımından əməkdaşlığın təşviqinə toxunulub.
Qivi Mikanadze ölkələr arasında mövcud səmərəli əməkdaşlığa və Ermənistan tərəfi ilə gələcək tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun qeyd etdiyi kimi, təhsil, elm və gənclik sahəsində gələcək layihələrin planlaşdırılması baxımından Gürcüstan və Ermənistan arasında təcrübə və qabaqcıl praktikanın mübadiləsi xüsusilə vacibdir.
Öz növbəsində, Jana Andreasyan Qivi Mikanadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və nazirliklə birgə təşəbbüsləri həyata keçirməyə və dostluq münasibətlərini dərinləşdirməyə hazır olduğunu deyib.
Ermənistanın təhsil naziri Qivi Mikanadzeni Ermənistan Respublikasında ali təhsil və elm islahatı ilə bağlı 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan “Ali Təhsil Forumu”na dəvət edib.
Görüşdə həmçinin Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Alfred Koçaryan, Ermənistan Respublikasının Gürcüstandakı səlahiyyətli səfiri Aşot Smbatyan və Gürcüstanın Ermənistan Respublikasındakı səlahiyyətli səfiri Qiorqi Şarvaşidze iştirak edirdi” – nazirliyin məlumatında deyilir.