Qivi Mikanadze Çinə səfəri çərçivəsində Lancou Universitetində açıq mühazirə oxuyub və gürcü tələbələrlə görüş keçirib
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze Çin Xalq Respublikasına səfəri çərçivəsində Lancou Universitetində (Lanzhou University – LZU) açıq mühazirə oxuyub və gürcü tələbələrlə görüş keçirib.
Təhsil Nazirliyinin məlumatına əsasən, nazir Gürcüstan və Çin arasında çoxillik dostluq münasibətləri və əməkdaşlıq haqda danışıb. Gürcüstanın təhsil sisteminin özəlliklərinə və Gürcüstanın Çin tərəfi ilə birgə həyata keçirdiyi təhsil layihələrinə xüsusi diqqət ayrılıb.
“Mühazirə sual-cavab formatında davam edib. Tələbələrin onlar üçün maraqlı olan məsələlər barədə suallar vermək və Gürcüstan haqqında ətraflı məlumat almaq imkanı olub.
Mühazirədən sonra Qivi Mikanadze mübadilə proqramı çərçivəsində Lancou Universitetində təhsil alan gürcü tələbələrlə görüşüb. Nazir tələbələrdən tədris mühiti, akademik proses və universitetdə mövcud imkanlar barədə məlumat alıb, həmçinin onların təcrübəsi və təəssüratları ilə tanış olub.
Universitetə səfəri zamanı Qivi Mikanadze müasir infrastruktur və tədqiqat mərkəzlərinə baxış keçirib. Xüsusilə, nazir Lancou Universitetinin Birinci Xəstəxanasının tibbi müayinə mərkəzinə, elmi müşahidə stansiyalarının idarəedilməsi mərkəzinə, nadir izotopların sərhəd elmləri mərkəzinə və Çin Təhsil Nazirliyinin kvant nəzəriyyəsi və tətbiqi üzrə əsas laboratoriyasına baş çəkib” – qurumun məlumatında deyilir.