Qivi Mikanadze Almaniyanın səfiri ilə görüşüb
Gürcüstanın təhsil, elm və gənclik naziri Qivi Mikanadze Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Barbara Fos ilə tanışlıq xarakterli görüş keçirib.
Tərəflər Gürcüstan və Almaniya arasında təhsil, elm və gənclik sahələrində mövcud çoxillik əməkdaşlığı nəzərdən keçirib və tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Qivi Mikanadze Gürcüstanın təhsil sistemində cari genişmiqyaslı islahatların əsas istiqamətləri haqda səfirə ətraflı məlumat verib.
Görüşdə Almaniya tərəfindən Gürcüstanın peşə təhsili sisteminə göstərilən dəstəyin əhəmiyyəti və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub. Bununla yanaşı, tərəflər gürcü məktəblərində alman dilinin tədrisinə şərait yaradılması və müəllimlərin peşəkar inkişafı məsələlərini müzakirə ediblər.
Gürcü və alman universitetləri arasında əlaqənin gücləndirilməsinə dəstək verilməsinə, o cümlədən birgə təhsil proqramlarının, akademik mobilliyin və elmi tədqiqatların həyata keçirilməsi istiqamətində xüsusi diqqət yetirilib.
Görüş çərçivəsində yaşlıların təhsili və bütün həyatı boyunca öyrənmənin dəstəklənməsi, həmçinin bu istiqamətdə alman təcrübəsinin bölüşülməsi imkanları barədə söhbət aparılıb.
Görüşün sonunda tərəflər əməkdaşlığı davam etdirməyə və yeni birgə təşəbbüslər həyata keçirməyə hazır olduqlarını təsdiqləyiblər.
Məlumatı Gürcüstanın Təhsil və Elm Nazirliyinin mətbuat xidməti yayır.