Qış kurort mövsümü başlamazdan əvvəl Bakurianidə yolların qaydaya salınması işləri aparılacaq
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin qərarına əsasən, Avtomobil Yolları Departamenti qış kurort mövsümü başlamazdan əvvəl Bakurianidə yolların qaydaya salınması işlərini həyata keçirəcək. Bu mərhələdə yol örtüyünün alt qatları salınacaq, bu da əhalinin və istirahət edənlərin hərəkətini asanlaşdıracaq.
Avtomobil Yolları Departamentinin məlumatında, qərarın məqsədinin qış mövsümündə yerli əhali və istirahət edənlər üçün daha rahat və təhlükəsiz şərait yaratmaq olduğu deyilir.
Onların məlumatına əsasən, hazırda Bakurianidə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və bərpası üzrə miqyaslı layihə həyata keçirilir. Qeyd olunan işlər səbəbindən kurortun yol infrastrukturunun tam şəkildə bərpası hələlik mümkün olmur.
“Mövcud vəziyyəti və qış mövsümündə ziyarətçilərin sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, nazirlik su təchizatı və kanalizasiya layihəsi başa çatana qədər yollarda alt qatların salınması və əhali ilə istirahət edənlərin hərəkət şəraitinin yaxşılaşdırılması barədə qərar qəbul edib.
Su təchizatı və kanalizasiya sistemlərinin tikinti-bərpa işləri yekunlaşdıqdan sonra Bakurianidə yol infrastrukturunun tam reabilitasiyası həyata keçiriləcək. İşlər yol örtüyünün son qatlarının salınması, yağış sularının axıdılması sistemlərinin və səkilərin tikintisini əhatə edir.
Nazirliyin məqsədi cari infrastruktur layihələrinin yaratdığı narahatlığı maksimum dərəcədə azaltmaq və kurortun yol infrastrukturunun keyfiyyətli və tam şəkildə inkişafını təmin etməkdir” – məlumatda qeyd olunub.