Qiorqi Şaraşidze - Amerika tərəfi ilə maraqlı görüş oldu, əsas odur ki, “Gürcü Arzusu” Amerikanın nəhəng resurs qoyduğu prinsiplərə geri dönsün, demokratik inkişafı nəzərdə tuturam
Amerika tərəfi ilə mühüm və maraqlı görüş oldu. Əlbəttə ki, Amerika nümayəndə heyətinin marağı Gürcüstanda gedən siyasi proseslər haqqında daha çox məlumat almaqdır – bu barədə “Qaxaria Gürcüstan Naminə” partiyasının üzvü, deputat Qiorqi Şaraşidze Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin nümayəndələri ilə görüşdən sonra deyib.
Şaraşidzenin sözlərinə əsasən, Amerika tərəfi “Gürcü Arzusu”nun Gürcüstanın demokratik gələcəyinə nə qədər zərər vurduğu barədə hər cür məlumata malikdir.
“Görüşdə xarici siyasətə, o cümlədən bizim Rusiya ilə qondarma Cənubi Osetiya Muxtar Respublikası arasında imzalanmış müqaviləyə dair son qətnaməmizə xüsusi diqqət yetirildi, bu barədə, təəssüf ki, “Gürcü Arzusu” indiyədək səsini çıxarmayıb. Əlbəttə, amerikalı tərəfdaşlarımızın bunu anlaması mühüm idi. Əlbəttə, “Gürcü Arzusu”nun Gürcüstanın demokratik gələcəyinə nə qədər zərər vurduğu barədə onlarda hər cür məlumat var. Amerikalı tərəfdaşlarımız da “Gürcü Arzusu”nun istifadə etdiyi – yenidən başlama termininə ciddi yanaşacağını gözləyirlər. Əlbəttə, təkcə ictimai bəyanatlar kifayət deyil, Gürcüstanın real demokratik yola qayıtması üçün real addımlar lazımdır. Əks halda, təəssüf ki, Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın bərpa olunacağı gözləntisinə qapılmamalıyıq.
Gürcüstanın Müstəqillik Günündə ABŞ-nin dövlət katibi Marko Rubionun Gürcüstanda deyil, Ermənistanda olacağı faktının özü də Gürcüstana növbəti ismarıcdır – nə qədər ki “Gürcü Arzusu”nun özü ciddi addımlar atmağa hazır olmayacaq, o vaxta qədər ali səviyyədə görüşlərin və strateji münasibətlərin bərpa olunması gözləntimiz olmamalıdır. Bizim üçün istənilən səviyyəli səfər mühümdür. Bu səfər də mühüm idi. Əsas odur ki, “Gürcü Arzusu” lütf edib Amerikanın nəhəng resurs qoyduğu prinsiplərə geri dönsün. İlk növbədə, demokratik inkişafı nəzərdə tuturam” – Şaraşidze bildirib.