Qiorqi Qaxaria - "BBC"nin reportajı ilə bağlı həqiqətin şəffaf şəkildə müəyyən edilməsi üçün qalan yeganə yol beynəlxalq istintaqdır
Qiorqi Qaxaria - "BBC"nin reportajı ilə bağlı həqiqətin şəffaf şəkildə müəyyən edilməsi üçün qalan yeganə yol beynəlxalq istintaqdır

 

“Gürcü Arzusu” ictimai araşdırmadan qorxur, çünki o, dinc etirazçılara qarşı zəhərli kimyəvi maddələrin istifadəsi əmrini kimin verdiyini ortaya çıxaracaq – bu haqda “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxaria sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, etiraz aksiyalarının dağıdılması zamanı zəhərli kimyəvi maddələrin mümkün istifadəsini müəyyən etməyin yeganə yolu beynəlxalq istintaqdır.

“Gözlənildiyi kimi, “Gürcü Arzusu” partiyası “BBC”nin reportajı əsasında, dinc etiraz aksiyalarının dağıdılması zamanı zəhərli kimyəvi maddələrin mümkün istifadəsini araşdırmaq üçün parlament istintaq komissiyasının yaradılmasını nəzərdə tutan “Gürcüstan Naminə” partiyasının təşəbbüsünü blokladı.

“Gürcü Arzusu” ictimai araşdırmadan qorxur, çünki o, dinc etirazçılara qarşı zəhərli kimyəvi maddələrin istifadəsi əmrini kimin verdiyini ortaya çıxaracaq. Həmçinin, ictimai araşdırma iyunun 20-də nazir və nazir müavininin səlahiyyətindən yan keçərək rezin güllələrin istifadəsinə icazənin necə mümkün olduğunu müəyyən edəcək.

Gürcüstan hakimiyyəti dörd günlük “istintaqın” nəticələrindən məmnun olduğunu bəyan edir, halbuki “Gürcü Arzusu” həqiqəti şəffaf şəkildə müəyyən etmək üçün parlament mexanizmlərindən istifadə etməkdən imtina edir, faktları aşkar etmək üçün qalan yeganə yol beynəlxalq istintaqdır” – Qiorqi Qaxaria yazır.