Qiorqi Cincaradze - 33-cü Yeni ili öz evlərimizdən uzaqda qarşılayırıq, lakin Abxaziyaya qayıdacağımıza dair qəti inam bizi birləşdirir
33-cü Yeni ili öz evlərimizdən uzaqda qarşılayırıq, lakin bütün dağılmış körpüləri bərpa edib Abxaziyaya qayıdacağımıza dair qəti inam bizi birləşdirir – bu haqda Abxaziya Muxtar Respublikasının hökumətinin sədri Qiorqi Cincaradzenin Yeni il video müraciətində qeyd olunub.
Qiorqi Cincaradze hamını, xüsusən də qaçqınları və işğal olunmuş ərazilərdə yaşayan əhalini Yeni il münasibətilə təbrik edir.
“Əziz həmvətənlərim, 2026-cı il münasibətilə sizi təbrik edirəm! Qarşıdan gələn il ölkəmizə ümid, inam, birlik və rifah gətirsin.
Xüsusi səmimiyyətlə qaçqınları və işğal olunmuş ərazilərdə yaşayan əhalimizi — səbir və sədaqəti Gürcüstanın güclü gələcəyinin təməlini təşkil edən insanları təbrik edirəm. 33-cü Yeni ili öz evlərimizdən uzaqda qarşılayırıq, lakin bütün dağılmış körpüləri bərpa edib Abxaziyaya qayıdacağımıza dair qəti inam bizi birləşdirir.
Ötən illər sülh və etimad yolunda ardıcıl olaraq irəliləməyin nə qədər çətin, lakin alternativsiz olduğunu bir daha bizə göstərdi. Bu prosesdə isə Enqurinin hər iki tərəfində yaşayan hər bir həmvətənimizin maraqlarını qorumaq, onların ehtiyaclarına qayğı və tarixi birliyin bərpasını təşviq etmək lazımdır.
Məhz bu səbəbdən səhiyyə, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrinin gücləndirilməsi, Gürcü-Abxaz münasibətlərinin dərinləşdirilməsi və barışığa əsaslanan dialoqun inkişaf etdirilməsi 2026-cı ildə yenə də prioritet olaraq qalır.
Qaçqınlara kömək etmək məqsədilə həyata keçirilən layihələrə misilsiz dəstəyinə görə bir daha Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təşəkkür edirəm.
Mövcud çətinlikləri dərk edirik. Qütbləşmə və qarşıdurma etimadın bərpasını ləngidir və ortaq keçmiş və dəyərlərin birləşdirdiyi insanları bir-birindən uzaqlaşdırır, lakin biz Abxaziyada yaşayan əhalimizlə birbaşa dialoqa davam edirik. Bu, hörmətə, milli ləyaqətə və sülhə inama əsaslanan canlı prosesdir – bu, bizi mütləq bir-birimizə qaytaracaq yoldur!
Sülh üçün atılan hər bir addım bizi birləşdirəcək və tezliklə abxaz bacı və qardaşlarımızla birlikdə vahid, güclü və dinc Gürcüstanda yaşayacağıq.
Bu inam və daha parlaq gələcəyə ümidlə, bir daha Yeni il münasibətilə sizi təbrik edirəm!
Sizə sağlamlıq, qətiyyət, firavanlıq və tezliklə torpağımıza, Abxaziyamıza qayıtmağı arzulayıram!” – Qiorqi Cincaradzennin təbrikində qeyd olunub.