Qideon Saar - Müharibəni bitirəcək hərtərəfli razılaşmanı qəbul etməyə hazırıq
İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, İsrail Qəzzada müharibəyə son qoyulması ilə bağlı Amerika tərəfinin təklifini qəbul edib.
“Prezident Tramp açıq şəkildə bildirdi ki, İsrail onun təklifinə müsbət cavab verib. Biz Nazirlər Kabinetinin qərarı əsasında müharibəni bitirəcək hərtərəfli razılaşmanı qəbul etməyə hazırıq. İki şey baş verməlidir: birincisi, girovlarımız qayıtmalıdır; ikincisi, “HƏMAS” silahı yerə qoymalıdır” – Qideon Saar bildirir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə İsrailin onun şərtlərini qəbul etdiyini və indi növbənin “HƏMAS”a çatdığını yazmışdı.
“Mən “HƏMAS”a razılaşmanı qəbul etməsələr, bunun nəticələri barədə xəbərdarlıq etdim. Bu, mənim son xəbərdarlığımdır, ikincisi olmayacaq” – Tramp yazır.
İsrail tərəfinin məlumatına əsasən, 2023-cü ilin oktyabrın 7-də baş vermiş hücum zamanı oğurlanan 48 girov hələ Qəzzadadır.