Qia Volski - Gürcüstan ölkə ərazisinin nə Rusiyaya, nə İrana, nə də sanksiya tətbiq edilmiş şirkətə kömək etmək üçün istifadə olunmayacağına dair öhdəlik götürüb
Gürcüstan sanksiyaları dəf etmək üçün ölkə ərazisinin nə Rusiyaya, nə İrana, nə də sanksiya tətbiq edilmiş şirkətə kömək etmək üçün istifadə olunmayacağına dair öhdəlik götürüb və yerinə də yetirir – bu haqda parlamentin birinci vitse-spikeri Qia Volski deyib.
Volskinin sözlərinə əsasən, ölkə bu öhdəlikləri uzun müddətdir öz üzərinə götürüb.
“Ğuleviyə sanksiya tətbiq edilməsi məsələsi siyasi şəraitdən irəli gələrək gündəmdə idi, çünki yaxşı bilirlər ki, sanksiya tətbiq edilmiş gəminin ölkəyə daxil olması və nəsə manipulyasiyaların həyata keçirilməsi reallığı yoxdur. Beynəlxalq monitorinqin bunu görə bilməyəcək qədər nəsə gizli və səssiz bir şeyin baş verdiyini zənn etmək üçün axmaq və ya sadəlövh olmaq lazımdır. Kimin cəhd etməsindən asılı olmayaraq, bu mümkün deyil.
Problem ondadır ki, vətənsiz adlandırdığımız insanlar Gürcüstana qarşı sanksiyaların tətbiqi üçün mübarizə aparırlar. Onların məqsədi Qərbin bizə qarşı sanksiyalar tətbiq etməsinə bir şəkildə nail olmaqdır. Digərlərinin məqsədi, bəlkə də, İranın Gürcüstana bombalar atmasıdır. Digərləri isə, bəlkə də, Gürcüstanın Ukrayna ilə Rusiya arasında gedən hərbi əməliyyatlara qoşulması üçün mübarizə aparırlar. Bu qruplar birləşiblər ki, bəlkə Gürcüstana kukla hakimiyyət gəlsin. Bunu Brüsseldən də dəstəkləyirlər. Ğulevi məsələsi Gürcüstanın necə düşmənlərinin olduğunu və ölkənin daxilində və xaricində bu düşmənlərin kim olduğunu nəzərə almaq üçün əla nümunədir” – Volski bildirib.