Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, İsrailin hərbi əməliyyatları nəticəsində ümumilikdə 70 minə yaxın fələstinli həlak olub
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, İsrailin hərbi əməliyyatları nəticəsində ümumilikdə 70 minə yaxın fələstinli həlak olub

Qəzza sektorunda İsrailin hərbi əməliyyatları nəticəsində təxminən 70 000 fələstinli həlak olub. Məlumatı HƏMAS tərəfindən idarə olunan Qəzza Səhiyyə Nazirliyi yayıb.

“BBC”nin yazdığına görə, 10 oktyabrda İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra sektorda ölənlərin sayı yenidən artır, ən azı 354 fələstinli həlak olub.

Nəşrin məlumatına əsasən, beynəlxalq media tez-tez Qəzza Səhiyyə Nazirliyinin rəqəmlərinə istinad edir və onları etibarlı hesab edir, lakin İsrail Nazirlik tərəfindən dərc olunan məlumatları daim təkzib edir və onların süni şəkildə şişirdildiyini bildirir.

İsrail ordusu Qəzzaya hücumu 2023-cü il 7 oktyabrda Cənubi İsrailə HƏMAS tərəfindən həyata keçirilmiş hücuma cavab olaraq başladıb. Həmin hücum zamanı təxminən 1200 israilli həlak olub, 251 nəfər isə girov götürülüb.