Qəzza sektorunda son 24 saatda İsrailin hərbi əməliyyatı nəticəsində ən azı 123 nəfər həyatını itirib
Qəzza sektorunda son 24 saatda İsrailin hərbi əməliyyatı nəticəsində ən azı 123 nəfər həyatını itirib, bu barədə “Reuters” yazır. Medianın xəbər verdiyi kimi, 24 saat ərzində həlak olanların sayı həftənin ən yüksək göstəricisi olub.
Bununla yanaşı, “Reuters”in yazdığı kimi, “HƏMAS” bu gün misirli vasitəçilər ilə danışıqlar aparıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, fələstinlilər sadəcə olaraq şəhəri tərk etməlidirlər.
“Onları tərk etməyə məcbur etməyəcəklər, çıxmaq üçün onlara icazə veriləcək. Fələstinlilər üçün narahat olan və fələstinlilərə kömək etmək istədiklərini söyləyən hər kəs qapıları açmalı və bizə mühazirə oxumağı dayandırmalıdır” – Netanyahu bildirib.
Bununla yanaşı, 24 ölkənin xarici işlər nazirləri (o cümlədən Böyük Britaniya, Kanada, Avstraliya, Fransa və Yaponiya) cari həftə Qəzzada humanitar böhranın “ağılasığmaz səviyyəyə” çatdığını bəyan edib və İsraili humanitar yardıma icazə verməyə çağırıb.
“HƏMAS” tərəfindən idarə edilən Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin oktyabrın 7-dən sonra Qəzzada 61 000-dən çox fələstinli həlak olub.