Qeyri-hökumət təşkilatlarının nümayəndələri - Həbsə, repressiyalara və ya təhdidlərə baxmayaraq, gürcü xalqı haqq və ədalət uğrunda mübarizə apardıqca biz inadla çalışmağa davam edəcəyik
Qeyri-hökumət təşkilatlarının nümayəndələri - Həbsə, repressiyalara və ya təhdidlərə baxmayaraq, gürcü xalqı haqq və ədalət uğrunda mübarizə apardıqca biz inadla çalışmağa davam edəcəyik

 

Həbsə, repressiyalara və ya təhdidlərə baxmayaraq, gürcü xalqı haqq və ədalət uğrunda gündəlik mübarizə apardıqca biz inadla çalışmağa davam edəcəyik – bu barədə qeyri-hökumət təşkilatlarının nümayəndələri brifinqdə bildiriblər.

Onların bəyanatına əsasən, yeddi müstəqil təşkilata həbs qoyulması hakimiyyətin fundamental insan hüquqlarını pozan və Avropaya inteqrasiya prosesini sabotaj etməyə xidmət edən növbəti qanunsuzluğudur.

“Gürcü xalqının ziyanına yeddi müstəqil təşkilata həbs qoyulması İvanişvili hakimiyyətinin fundamental insan hüquqlarını pozan və Avropaya inteqrasiya prosesini sabotaj etməyə xidmət edən növbəti qanunsuzluğudur.

Bu gün Gürcüstan Prokurorluğu cəfəng istintaq çərçivəsində gürcü işi görən, Gürcüstan vətəndaşlarına xidmət edən və Gürcüstanın Avropa gələcəyi uğrunda mübarizə aparan yeddi müstəqil təşkilata həbs qoyub. Həbs üçün əsas olaraq göstərilib ki, biz kütləvi şəkildə işgəncələrə məruz qalan insanlara, vicdan məhbuslarına, cərimələnən vətəndaşlara yardım etmişik və edirik. Qeyri-qanuni qərarda heç bir faktiki əsaslandırma yoxdur. Hakim qərarı sırf şablon sitatlar əsasında verib.

Gürcü xalqının düşmənləri istəyirlər ki, biz daha uşaqların, qadınların, məhdud imkanlı şəxslərin, tələbələrin, qanunsuz saxlanılmış şəxslərin, işçilərin, yaşlıların hüquqlarını qoruya bilməyək; Haqsızlıq, korrupsiya, işgəncə, sistemli zorakılığı daha araşdırmayaq və işıqlandırmayaq; Onları daha Strasburqda və digər beynəlxalq məhkəmələrdə müdafiə etməyək. Onlar təkcə Avropaya inteqrasiyanın gələcəyini sabotaj etmək deyil, həm də gürcü xalqını artıq əldə etdikləri ən böyük yaxşılıqdan – vizasız səyahət hüququndan da məhrum etmək istəyirlər.

Biz fəaliyyətimizi dayandırmayacağıq. Həbsə, repressiyalara və ya təhdidlərə baxmayaraq, gürcü xalqı haqq və ədalət uğrunda gündəlik mübarizə apardıqca biz inadla çalışmağa davam edəcəyik. Biz avtoritar qaydalara və Rusiya qanunlarına qarşı mübarizə aparacağıq və bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik ki, ölkənin Konstitusiyada təsbit olunmuş demokratik və Avropa yolunun əleyhdarları öz məqsədlərinə çata bilməsinlər. Biz Gürcüstanın Avropa yolunu müdafiə edəcəyik, vizasız gediş-gəlişin qorunub saxlanmasını və Gürcüstanın demokratik gələcəyi uğrunda mübarizəni davam etdirəcəyik” – qeyri-hökumət təşkilatlarının nümayəndələri bildiriblər.

Məlumat üçün bildirək ki, prokurorluqda cari istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.