Qətərin Xarici İşlər Nazirliyi – Qətər dövləti hücumu qəti şəkildə pisləyir, İsrailin məsuliyyətsiz davranışına, regionun təhlükəsizliyi ilə manipulyasiyasına göz yummayacaq
Qətərin Xarici İşlər Nazirliyi – Qətər dövləti hücumu qəti şəkildə pisləyir, İsrailin məsuliyyətsiz davranışına, regionun təhlükəsizliyi ilə manipulyasiyasına göz yummayacaq

Qətərin Xarici İşlər Nazirliyi İsrailin Dohada “Həmas” rəhbərliyinə qarşı təşkil etdiyi hücumu pisləyib. Nazirliyin sözçüsü Macid əl-Ənsarinin açıqlamasına görə, zərbənin hədəfi “Həmas”ın siyasi bürosunun bir neçə üzvünün yaşadığı yaşayış binası olub.

Onun sözlərinə görə, hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Qətərdə olan hər kəs üçün ciddi təhlükə yaradır.

“Qətər dövləti bu hücumu qəti şəkildə pisləyir və bildirir ki, İsrailin məsuliyyətsiz davranışına, regionun təhlükəsizliyi ilə manipulyasiyasına və onun təhlükəsizliyi, suverenliyinə qarşı yönəlmiş hər hansı addıma göz yummayacaq”, – deyə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

İsrail Qətərdə “Həmas” rəhbərliyinə qarşı hücum həyata keçirib. Hədəf Dohada yerləşən “Həmas” rəhbərliyinin qərargahı olub. İsrail hərbi qüvvələri isə bildirir ki, “Həmas”a qarşı dəqiq zərbə endirilib.

Qeyd edək ki, Qətərin paytaxtı Doha tərəflər arasında danışıqların məkanı olub.