Qazaxıstanın "Scat Airlines" aviaşirkəti Şimkentdən Tbilisi istiqamətində ilk birbaşa reysi həyata keçirib
Qazaxıstanın "Scat Airlines" aviaşirkəti Şimkentdən Tbilisi istiqamətində ilk birbaşa reysi həyata keçirib

 

Qazaxıstanın “Scat Airlines” aviaşirkəti Şimkentdən Tbilisi istiqamətində ilk birbaşa reysi həyata keçirib. Bu haqda məlumatı Gürcüstanın Hava Limanları Birliyi yayır.

Aviaşirkət Şimkent və Tbilisi arasında həftədə iki reys tezliyi ilə uçuş həyata keçirəcək. Şimkentdən Tbilisi Beynəlxalq Hava Limanına və əks istiqamətdə ilk reysdən 166 sərnişin faydalanıb.

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili, Hava Limanları Birliyinin baş direktoru Levan Moseşvili, “TAV Georgia”nın baş meneceri Tea Zaxaradze, Mülki Aviasiya Agentliyinin və aviaşirkətin nümayəndələri Tbilisi Beynəlxalq Hava Limanında inauqurasiya uçuşu ilə əlaqədar tədbirdə iştirak ediblər.

Tədbirdə Qazaxıstanın Gürcüstanın strateji tərəfdaşı olduğu və iqtisadiyyat, tranzit və logistika baxımından Orta Dəhliz üçün mühüm rol oynadığı qeyd olunub.

“Şimkent il ərzində Gürcüstan və Qazaxıstan arasında fəaliyyət göstərən beşinci Qazaxıstan marşrutudur. Hazırda iki ölkə arasında reysləri üç aviaşirkət həyata keçirir: Tbilisi Beynəlxalq Hava Limanından “Air Astana” və “SCAT Airlines”, Kutaisi Beynəlxalq Hava Limanından isə “FlyArystan”.

Gürcüstan və Qazaxıstan arasında sərnişin axını hər il artır. 11 ayda Gürcüstanın hava limanları 304 mindən çox sərnişinə xidmət göstərib, bu isə ötən illə müqayisədə 10%-lə çoxdur” – Gürcüstan Hava Limanları Birliyinin məlumatında qeyd olunub.