Qazaxıstanda konstitusiya dəyişiklikləri üzrə referendum keçirilir
Qazaxıstanda konstitusiya dəyişiklikləri üzrə referendum keçirilir

Qazaxıstanda konstitusiya dəyişiklikləri üzrə referendum keçirilir. Konstitusiya islahatı Parlamentin rolunun gücləndirilməsini nəzərdə tutur.

“France-Press” agentliyinin məlumatına görə, düzəlişlər təsdiq olunarsa, yeni konstitusiya 2019-cu ildə istefa verdikdən sonra geniş səlahiyyətlərini və liderlik statusunu qoruyub saxlayan keçmiş prezident Nursultan Nazarbayevin imtiyazlarını nəzərdə tutmayacaq.

Bununla yanaşı, təşəbbüs edilən konstitusiya dəyişiklikləri prezidentin qohumlarının dövlət vəzifələrində işləməsini qadağan edir. Həmçinin konstitusiya məhkəməsi yaradılacaq və ölüm hökmü qadağan ediləcək.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev referendumu “super-prezident” idarəetmə formasından güclü parlamentə malik prezident idarəetmə formasına keçid kimi qiymətləndirir.

Keçən həftə dərc olunan müsahibəsində keçmiş prezident Nursultan Nazarbayev konstitusiya dəyişikliklərini dəstəklədiyini bildirdi.

Yanvar ayında Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan əvvəl yanacağın qiymətinin artması ilə bağlı etirazlar və iğtişaşlar baş vermiş, nəticədə 230-dan çox adam həlak olmuşdu.