Qazaxıstan və Azərbaycan prezidentləri Trans-Xəzər Fiber-Optik Rabitə Xəttinin açılışında iştirak ediblər
Qazaxıstan və Azərbaycan prezidentləri Trans-Xəzər Fiber-Optik Rabitə Xəttinin açılışında iştirak ediblər. Layihənin açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, fiber-optik rabitə xətti Qazaxıstan və Azərbaycanın Orta Dəhlizin inkişafı məqsədilə birgə səyinə güclü sinerji effekti verəcək.
“Ən vacibi, bu, yeni növ dəhlizdir. Bu, nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma erasına uyğun gələn yeni bir layihədir. Bu, əməkdaşlığın prinsipial olaraq yeni formatıdır, Orta Dəhlizin bir növ rəqəmsal təcəssümüdür” – Qazaxıstan Prezidenti qeyd edib.
Öz növbəsində, İlham Əliyev fiber-optik rabitə xəttinin istifadəyə verilməsini Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan daha bir addım adlandırıb.
“Bu layihə əməkdaşlığın dərinləşdirilməsinə daha bir töhfədir, çünki fiber-optik rabitə xəttindən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafi ərazidə yerləşən ölkələr faydalanacaqlar. Bu gün biz qlobal layihəyə başladıq” – Azərbaycan Prezidenti bildirib.
Razılaşma infrastrukturun ötürücülük qabiliyyətinin sinxron şəkildə genişləndirilməsini, dəmir yollarında, avtomobil yollarında və liman sahələrində yaranan gecikmələrin aradan qaldırılmasını, Xəzər dənizində dibdərinləşdirmə donanmasının və dəniz daşımalarının birgə inkişafını təmin edir. Sənədin əsas hissəsi daşımaların genişmiqyaslı rəqəmsallaşdırılmasına həsr olunub, buna da informasiya sistemlərinin inteqrasiyası, “vahid pəncərə” prinsipinin tətbiqi, yüklərin tam izlənilməsi və elektron rəqəmsal imzaların qarşılıqlı tanınmasına dair ayrıca sazişin imzalanması daxildir.
Bundan başqa, razılaşma əvvəlcədən məlumatlandırma sisteminin tətbiqi, yoxlamaların minimuma endirilməsi və səlahiyyətli iqtisadi operatorların statusunun qarşılıqlı tanınması yolu ilə inzibati, sərhəd və gömrük prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirir.