Qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialının məsul şəxsləri barəsində istintaq aparılır
Gürcüstanın Baş Prokurorluğunun Korrupsiya Cinayətinə Qarşı Mübarizə Departamentində SC “Qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialı”nın məsul şəxsləri tərəfindən qulluq mövqeyindən itifadə etməklə külli miqdarda vəsaitin qanunazidd şəkildə mənimsənilməsi və israf edilməsi faktı üzrə istintaq aparılır.
Baş Prokurorluğun məlumatına əsasən, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “d” və 3-cü hissəsinin “b” yarımbəndləri ilə nəzərdə tutulub.
“Tbilisi Bələdiyyəsinin Meriyasının Daxili Audit və Monitorinq Şəhər Xidmətindən mümkün cinayətlə bağlı daxil olan məktub və yoxlama materialları istintaqın başladılmasının əsası olub. İstintaq çərçivəsində məhkəmə qərarı əsasında fevralın 3-də bir neçə ünvanda istintaq hərəkətləri – axtarışlar aparılıb. Cinayət işi üzrə istintaq davam edir” – Gürcüstanın Baş Prokurorluğunun bəyanatında deyilir.