Qasım-Jomart Tokayev: “Çox səmimi şəkildə demək lazımdır ki, bütün münaqişələrin və ya ən azı dünyadakı qarışıqlıqların əsas mənbəyi BMT Təhlükəsizlik Şurasıdır”
“Çox səmimi şəkildə demək lazımdır ki, bütün münaqişələrin və ya ən azı dünyadakı qarışıqlığın əsas mənbəyi BMT Təhlükəsizlik Şurasıdır,” – bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Antaliya Diplomatik Forumunda panel müzakirəsində çıxışı zamanı bildirib.
Qazaxıstan prezidentinin sözlərinə görə, orta və kiçik ölçülü ölkələr böyük dövlətlərdən daha məsuliyyətli davranırlar.
“Çox səmimi şəkildə demək lazımdır ki, bütün münaqişələrin və ya ən azı dünyadakı qarışıqlığın əsas mənbəyi BMT Təhlükəsizlik Şurasıdır. Regional güclər, orta ölçülü ölkələr və hətta kiçik ölkələr beynəlxalq arenada daha məsuliyyətli davranırlar. Türkiyə, eləcə də Qazaxıstan və bu auditoriyada təmsil olunan ölkələr sübut etməlidir ki, biz beynəlxalq sülh və təhlükəsizlik məsələlərində çox məsuliyyətli davranırıq,” – deyə Qasım-Jomart Tokayev qeyd edib.
Qazaxıstan prezidenti bildirib ki, BMT dünya problemlərinin həllində kifayət qədər iştirak etmir.
“Bütün əsas müzakirələr BMT platformalarının və digər əsas beynəlxalq təşkilatların xaricində aparılır. İnsanlar müəyyən paytaxtlarda, konfrans salonlarında toplaşır, amma BMT-də yox. Biz görmürük ki, münaqişələrin vasitəçiliyində BMT-nin yüksək səviyyəli nümayəndələri iştirak etsin. Bu, böyük problemdir. Bu, BMT-nin marginallaşmasıdır. İndi hamı BMT-nin növbəti Baş katibinin kim olacağını müzakirə edir, amma məncə bu o qədər də vacib deyil. Ən vacibi mövcud sistemin ümumiyyətlə yaşayıb-yaşamamasıdır. BMT Təhlükəsizlik Şurası əsas beynəlxalq problemlərin həllinə mane olur. Bu məsələyə ötən il sentyabrda Baş Assambleyada Prezident Tramp da toxunub və mən onunla razıyam. BMT-də sülhün qurulması prosesi pozulub,” – deyə Qasım-Jomart Tokayev bildirib.