Qara dəniz sualtı kabel layihəsi çərçivəsində Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın birgə müəssisəsi yaradılıb
Qara dəniz sualtı kabel layihəsi çərçivəsində Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın birgə müəssisəsi yaradılıb

 
Rumıniyada Buxarestdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarının iştirakı ilə “Green Energy Corridor Power Company – GECO POWER COMPANY” birgə müəssisəsinin qeydiyyat prosesi uğurla başa çatıb. Bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, birgə müəssisə bu mərhələdə Yaşıl Enerji Dəhlizinin tədqiqat və layihələndirmə işləri ilə məşğul olacaq. Müvafiq olaraq, onun yaradılmasında məqsəd Yaşıl Enerji Dəhlizi layihəsini həyata keçirməkdir, bu da o cümlədən Qara dənizdə sualtı yüksək gərginlikli ötürmə kabelinin çəkilməsini nəzərdə tutur.

Strateji tərəfdaşlıq haqqında saziş və “Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında” memorandumla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında 2023-cü ilin iyulun 25-də birgə müəssisənin yaradılması haqqında anlaşma memorandumu imzalandı, bununla da birgə müəssisənin yaradılmasının ümumi prinsipləri yazıldı.

“Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanın, daha geniş kontekstdə isə Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın elektrik enerjisi sistemlərini birbaşa birləşdirəcək nəhəng infrastruktur layihəsidir. Sualtı elektrik kabelinin uzunluğunun 1155 km-dən çox (1115 km sualtı və 40 km quruda), gərginliyin 525 kV, gücünün isə 1300 MVt təşkil edəcəyi layihəyə həmçinin sualtı elektrik kabeli üçün seçilmiş dəhlizdə quraşdırılacaq fiber-optik telekommunikasiya kabelinin çəkilməsi də daxildir. Sualtı elektrik kabelinin tikintisinin təxmini başa çatdırılma tarixi 2030-cu ildir. İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən aparılan layihənin texniki-iqtisadi tədqiqatı layihənin texniki və iqtisadi baxımdan həyata keçirilməsinin məqsədəuyğun olduğunu müəyyən edib.

Qara dəniz sualtı kabel layihəsi milli və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, Qara dənizin əlaqələndiriciliyinin artırılmasına, enerji resurslarının təchizatı mənbələrinin şaxələndirilməsinə, bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılmasına və enerji kompleksində bərpa olunan enerjinin payının artırılmasına töhfə verir. Həmçinin, bərpa olunan mənbələrdən rəqabətqabiliyyətli qiymətlərlə elektrik enerjisi istehsalını təmin etmək üçün regional enerji imkanlarını birləşdirir.

Qeyd edilməlidir ki, layihə 2024-2034-cü illər üçün ENTSO-E şəbəkəsinin inkişafının 10 illik planına daxil edilib, 2024-cü ilin noyabrında isə layihə ümumi maraq doğuran layihə statusu almaq üçün Avropa Komissiyasına təqdim edilib, çünki bu, enerji və iqlim siyasətinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verən Avropa İttifaqı və ona daxil olmayan ölkələr arasında transsərhəd enerji infrastrukturu layihəsidir.

“Green Energy Corridor Power Company – GECO POWER COMPANY”nin təsisçi şirkətləridirlər: Azərbaycan Respublikasından – “Azərenerji” ASC, Gürcüstandan – “Gürcüstanın Dövlət Elektrosistemi” səhmdar cəmiyyəti , Macarıstandan – “MVM ​​Energy Private Limited Company”, Rumıniyadan isə – “National Power Grid Company Transelectrica S.A.”.
Birgə müəssisə bərabər pay iştirakı ilə yaradılmışdır və müvafiq olaraq bütün cəlb olunmuş tərəflər şirkətin idarə edilməsində bərabər şəkildə iştirak edəcəklər” – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında qeyd olunub.