Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, gəmidə son zərurət halında aşpazlıq ixtisası olmayan şəxsin müvəqqəti işə götürülməsi mümkün olacaq
Gəmidə son zərurət halında aşpazlıq ixtisası olmayan şəxsin müvəqqəti işə götürülməsi mümkün olacaq. Bununla bağlı müvafiq dəyişikliklər “Dənizçilərin əməyinə dair” qanuna edilir.
Qanun layihəsində qeyd olunur ki, son zərurət halında ekipajın təhlükəsiz sayda üzvlərlə komplektləşdirilməsi sənədində 10 və ya daha çox dənizçinin nəzərdə tutulduğu gəmilərlə bağlı agentlik müəyyən müddətə, lakin bir aydan çox olmamaqla və ya növbəti limana daxil olana qədər, aşpazlıq ixtisası olmayan şəxsin gəmidə müvəqqəti işləməsinə icazə verə bilər.
Bu icazə həmin şəxsin şəxsi gigiyena, gəmidə qida məhsullarının hazırlanması və saxlanması qaydaları ilə bağlı təlim və ya təlimat keçməsi şərti ilə veriləcək.
Bundan əlavə, dəyişikliklərlə Dəniz Nəqliyyatı Agentliyinin səlahiyyətləri genişləndirilir, dənizçilərin əmək və sosial müdafiəsi ilə bağlı əlavə təminatlar tənzimlənir.