Qanunverici orqanda 17 fevral tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin vəziyyətinin ən mühüm məsələləri ilə bağlı illik hesabatla çıxış edəcək, 18 fevralda isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Regional İnkişaf naziri Kaxaber Guledaninin interpelasiyaları keçiriləcək.
“Parlamentin reqlamentinə əsasən, prezidentin hesabatı təqdim olunduğu gün digər məsələlər müzakirə edilmir. Buna görə sabah yeganə məsələ Gürcüstan Prezidentinin hesabatı olacaq, çərşənbə günü isə iki interpelasiya keçiriləcək. İnterpelasiya qaydasında sualları əvvəlcə Baş nazir İrakli Kobaxidze cavablandıracaq. ‘Gürcü Arzusu’ fraksiyası ona miqrasiya məsələləri ilə bağlı sual ünvanlayıb. Bundan sonra Regional İnkişaf naziri Kaxaber Guledaninin interpelasiyası olacaq. Ona sualla ‘Gürcüstan üçün’ fraksiyası müraciət edib”, – deyə Şalva Papuaşvili bildirib.
Büronun gündəliyinə əsasən, parlament cari sessiya həftəsində birinci və ikinci oxunuşda baxılacaq qanun layihələrini müzakirə edəcək. Bunlar arasında “Faktorinq haqqında” qanun layihəsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik, “Hüquqi yardım haqqında” qanuna dəyişiklik və “Məhsulun təhlükəsizliyi və azad dövriyyəsi Məcəlləsi”nə dəyişikliklər var.
Parlamentin bürosu “Səhmdar cəmiyyəti – Gürcüstanın İnkişaf Fondu haqqında” Gürcüstan qanununun qüvvədən düşmüş elan edilməsi barədə yeni qanunvericilik təşəbbüsünü müzakirə üçün İqtisadi Siyasət Komitəsinə göndərib.