Qanmuxuri və Anaklia dənizsahili zolağın yenilənməsi layihəsi üzərində işə başlanılır
İnfrastruktur Nazirliyinin Munisipal İnkişafı Fondu Zuqdidi Munisipalitetinin Qanmuxuri kəndi və Anaklia dənizsahili zolağın yenilənməsi layihəsi üçün müsabiqə elan edib.
İnfrastruktur Nazirliyinin məlumatına əsasən, rekreasiya məkanının tamamilə yenilənməsi və çoxfunksiyalı, bütün mövsümlərdə əlçatan olan sahil zolağının təşkil edilməsi layihənin məqsədidir. 66.5 hektar ərazini əhatə edən ərazidə istirahət, idman aktivlikləri və mədəni tədbirlər üçün məkanların nəzərdə tutulacağı infrastruktur yaradılmalıdır.
Sahil zolağının bir neçə funksional zonaya bölünməsi planlaşdırılır:
uşaq oyun, təhsil və mədəniyyət məkanları, idman meydançaları, məşq və rekreasiya zonaları, piyada və velosiped yolları salınacaq. Ərazidə dayanacaq zonası ümumi landşaft həllinə uyğun şəkildə yerləşdiriləcək.
“Qanmuxuri və Anaklia dənizsahili zolağın infrastruktur hissəsi həm yeni tikililərin tikintisini, həm də mövcud tikililərin bərpasını əhatə edir. Açıq səhnənin, dekorativ gölün, Qanmuxuri ilə Anaklianı birləşdirən piyada körpüsünün təşkili planlaşdırılır.
Layihə həmçinin ticarət, təhsil məkanlarının yaradılmasını, perqolların, uyğunlaşdırılmış ictimai sanitar qovşaqların, açıq duşlar və fəvvarələrin təşkilini nəzərdə tutur.
Bununla yanaşı, layihə xarici işıqlandırma, suvarma şəbəkəsi, elektrik və su təchizatı, kanalizasiya, drenaj və mühafizə sistemlərinin təşkilini əhatə edir.
Layihələndirmə zamanı ekoloji məsuliyyətə xüsusi diqqət yönəldiləcək. Ərazinin yerli bitki növləri ilə yaşıllaşdırılması, biomüxtəlifliyin qorunması, tullantıların ayrılması və bərpa olunan enerji mənbələrindən istifadə imkanları nəzərə alınıb.
Qanmuxuri və Anaklia dənizsahili zolağın yenilənməsi nəticəsində yerli əhali və ziyarətçilərin rahat dincələcəyi və sosyallaşa biləcəyi təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı mühit yaradılacaq” –
İnfrastruktur Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.