Prokurorluğun məlumatına əsasən, xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə Qriqol Liluaşvili ilə əlaqəli şəxsi - Koba Xundadzeni saxlayıblar
Xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəisi Qriqol Liluaşvili ilə əlaqəli şəxsi – Koba Xundadzeni saxlayıblar.
Bu haqda Baş Prokurorluqda keçirilən brifinqdə prokuror Carci Tsiklauri bildirib.
Prokurorluqda bildirirlər ki, Koba Xundadzeyə qarşı ittiham xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə təqdim olunub, bu isə cəzanın növ və ölçüsü olaraq 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İctimaiyyətə məlum olduğu kimi, bir neçə gün əvvəl Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə əməliyyat çərçivəsində Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili, sabiq baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin mənzillərində və evlərində axtarışlar aparılıb. Axtarış zamanı müxtəlif elektron qurğular, sənədlər və külli miqdarda pul vəsaiti götürülüb.
Son günlər ərzində eyni cinayət işi çərçivəsində əlavə olaraq 11 obyektdə axtarış aparılıb. Bu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəisi Qriqol Liluaşvili ilə əlaqəli şəxs – Koba Xundadzenin evində axtarış zamanı 94 zərfdə çeşidlənmiş müxtəlif məbləğdə pul vəsaiti, ümumilikdə 1 319 300 ABŞ dolları götürülüb. Sabiq baş prokuror Otar Partsxaladze ilə əlaqəli şəxs, iş üzrə fiqurantlardan biri olan Mixeil Çoxelinin və onun ailə üzvünün bank seyflərində aparılmış istintaq hərəkətləri çərçivəsində 2 904 900 ABŞ dolları götürülüb.
Qeyd olunan iş üzrə, tərəfimizdən xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə cinayət işində Qriqol Liluaşvili ilə əlaqəli şəxs – Koba Xundadze saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs xüsusilə külli miqdarda əsaslandırılmamış mənşəli aktivlərə qanuni görüntü vermək üçün bir neçə mərhələdən ibarət cinayət sxemi hazırlayıb. Bu sxemin həyata keçirilməsi çərçivəsində o, əsaslandırılmamış mənşəli pullarla Tbilisidə torpaq sahələri alıb və şəxsi şirkətinə və onun iştirakı ilə təsis edilmiş ortaqlıqların nizamnamə kapitalına investisiya yatırıb. Bu hərəkətlərlə əsaslandırılmamış əmlak leqal iqtisadi fəaliyyətə cəlb edilib və daşınmaz əmlakla bağlı çoxsaylı tranzaksiyalar vasitəsilə əsaslandırılmamış aktivlərin əsl təbiəti, mənşə mənbəyi və onlara mülkiyyət hüququ gizlədilib və ört-basdır olunub.
Nəticədə, guya qanuni gəlirlə həyata keçirilən fəaliyyət çərçivəsində əldə edilmiş 30 ədəd daşınmaz əmlak təqsirləndirilən şəxsin və onun müəssisəsinin əmlakı kimi dövlət qeydiyyatına alınıb, 51 ədəd daşınmaz əmlak isə təqsirləndirilən şəxsin təsis etdiyi tikinti şirkətinin nizamnamə kapitalına daxil edilib. Bundan başqa, artıq qeyd etdiyimiz kimi, onun mənzilində axtarış nəticəsində külli miqdarda 1 319 300 ABŞ dolları pul götürülüb.
Qeyd olunan hərəkətlər ilə 2017-2025-ci illərdə təqsirləndirilən Koba Xundadze xüsusilə külli miqdarda əsaslandırılmamış gəliri leqallaşdırıb.
Saxlanılan şəxsə qarşı ittiham xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə təqdim olunub, bu isə cəzanın növ və ölçüsü olaraq 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.
Gürcüstanın Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti iş üçün vacib sübutların əldə edilməsi, eləcə də cinayətdə iştirak edən digər şəxslərin aşkarlanması və müvafiq hüquqi prosedurların aparılması məqsədilə istintaqı intensiv şəkildə davam etdirir” – prokurorluqda bildirirlər.