Prokurorluğun hesabatı - 2025-ci ildə birinci instansiya məhkəmələri tərəfindən 20 922 şəxs barəsində hökm çıxarılıb, bu da 2020–2024-cü illərlə müqayisədə ən yüksək göstəricidir
2025-ci ildə birinci instansiya məhkəmələri tərəfindən 20 922 şəxs barəsində hökm çıxarılıb, bu da 2020–2024-cü illərlə müqayisədə ən yüksək göstəricidir. Bu barədə Gürcüstan Prokurorluğunun Parlamentə təqdim etdiyi illik hesabatda qeyd olunub.
Sənəddə deyilir ki, 20 922 şəxs barəsində çıxarılan ittiham hökmlərinin 86,5%-i prosessual razılaşma ilə başa çatıb.
Qurum hesab edir ki, bu məlumatlar prosessual razılaşmaların istifadəsinin artan dinamikasının 2025-ci ildə də qorunub saxlanıldığını və əvvəlki beş illə müqayisədə ən yüksək göstəriciyə çatdığını göstərir.
“Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də istintaqın ilkin mərhələsində prosessual razılaşmanın bağlanmasının yüksək göstəricisi qorunub saxlanılmışdır. Özəlliklə, təqdim olunan məlumatların təhlili göstərir ki, 2025-ci ildə təqsirləndirilən şəxsin məhkəməyə ilk dəfə çıxarılması iclasında, hesabat dövründə ümumilikdə bağlanmış prosessual razılaşmaların 65.8%-i rəsmiləşdirilib. Qeyd edilməlidir ki, məhkəmə icraatının ilkin mərhələsində prosessual razılaşmanın bağlanması çevik və səmərəli ədalət mühakiməsinin həyata keçirilməsinə töhfə verir, eyni zamanda həm prokurorluğun, həm də məhkəmənin insan və maliyyə resurslarına qənaət edir. Resursların bu cür optimallaşdırılması prokurorlara diqqətlərini mürəkkəb və kompleks işlərə yönəltmək imkanı verir ki, bu da birbaşa olaraq məhkəmə icraatının keyfiyyətinin yüksəlməsində və ədalət mühakiməsinin icrasının səmərəliliyində özünü göstərir” – sənəddə deyilir.