Prokurorluqda bəyan edirlər ki, İlia Ğuduşauri cinayəti etiraf etdiyinə və istintaqla əməkdaşlıq etdiyinə görə, onun barəsində qətimkan tədbiri olaraq girov tətbiq edilməsini tələb edirlər
Gürcüstan Prokurorluğu məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin sabiq müavininə dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə edilməsi faktı üzrə ittiham irəli sürüb – bu haqda prokurorluq tərəfindən yayılmış məlumatda deyilir.
“Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan istintaqla 2022-ci ilin sentyabrın 27-də Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 70 ədəd təcili tibbi yardım avtomobilinin alınması üçün tender elan etdiyi müəyyən edilib.
Elan edilmiş tenderdə üç iddiaçı iştirak edib və ən aşağı qiyməti təqdim edən şirkət qalib elan edilib. Lakin, təqsirləndirilən şəxs tenderdə iştirak edən nisbətən yüksək qiymət təqdim edən şirkətin xeyrinə hərəkət edərək, süni şəkildə yaradılmış əsasla, nazirlik tərəfindən elan edilmiş tenderi qanunsuz olaraq dayandırıb.
2023-cü ilin mayın 10-da onun göstərişi ilə dəyişdirilmiş şərtlərlə, yeni tender elan edilib və tender təqsirləndirilən şəxsin rəhbərliyi ilə şəxsi tanışlığı olan konkret bir iddiaçı üçün uyğunlaşdırılıb. Nəticədə, tender digər şirkətlərin iştirakı və heç bir rəqabət olmadan keçirilib. Əvvəlcədən seçilmiş şirkət qalib elan edilib və təqdim edilən nisbətən yüksək qiymətə görə nazirlik ən azı 2 138 000 lari əlavə pul ödəyib. Təqsirləndirilən şəxsin bu hərəkəti ilə mahiyyət etibarilə dövlətin qanuni maraqları pozulub” – prokurorluq tərəfindən yayılmış məlumatda qeyd olunub.
Saxlanılan şəxsə qarşı ittiham Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi (dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətindən sui-istifadə edilməsiə) ilə irəli sürülüb.
Təqsirləndirilən şəxs törədilmiş cinayəti etiraf etdiyinə və istintaqla əməkdaşlıq etdiyinə görə, Prokurorluq onun barəsində qətimkan tədbiri olaraq girov tətbiq edilməsi üçün vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – prokurorluqda bildirirlər.