Prokurorluq Tbilisidə "Ratinin Bar"ında qətl faktı ilə əlaqədar iki nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Tbilisidə “Ratinin Bar”ında qətl faktı ilə əlaqədar bir nəfərə qarşı qəsdən adam öldürmə maddəsi, digərinə qarşı isə cinayət barədə məlumat verməmək maddəsi ilə ittiham irəli sürüb. Bu barədə məlumatı prokurorluq yayır.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, mayın 11-də təxminən saat 05:30-da Tbilisi şəhərində Barataşvili küçəsində yerləşən “Ratinin Bar”ında təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Cinayət törədilərkən hadisə yerində olan və xüsusilə ağır cinayətin, qəsdən adam öldürmənin törədildiyini bilən ikinci təqsirləndirilən şəxs bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri elə həmin gün saxlayıblar. Bir nəfərə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “v” yarımbəndi (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) ilə irəli sürülüb, bu isə cəza növü və ölçüsü olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur. İkinci təqsirləndirilən şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci (cinayət barədə xəbər verməmə) hissəsi ilə irəli sürülüb, bu isə cəza növü və ölçüsü olaraq 3 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslərlə bağlı həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində vəsatətlə müraciət edəcək” – Gürcüstan Prokurorluğunun məlumatında qeyd olunub.