Prokurorluq Samtredia-Qriqoletini birləşdirən magistralda körpünün uçması işi üzrə beş nəfər barəsində cinayət təqibi başladıb
Prokurorluq Samtredia-Qriqoletini birləşdirən magistralda 2023-cü ilin fevralın 21-də körpünün uçması işi üzrə vəzifə səlahiyyətindən sui-istifadə, saxta rəsmi sənədin hazırlanıb istifadəsi, külli miqdarda vəsaitlərin dələduzluq yolu ilə mənimsənilməsi və qulluq mövqeyindən istifadə etməklə külli miqdarda vəsaitin israf edilməsi faktları üzrə beş nəfər barəsində cinayət təqibi başladıb. O cümlədən, həmin dövrdə Avtomobil Yolları Departamentinin sədrinin müavini olmuş Levan Kupataşvili saxlanılıb – bu haqda Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə deyiblər.
Brifinqdə qeyd edildiyi kimi, Gürcüstan Baş Prokurorluğunun Korrupsiya Cinayətinə Qarşı Mübarizə Departamentində aparılan istintaqla müəyyən edilib ki, 2018-ci ildə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ilə “Akkord” tikinti şirkəti arasında Samtredia-Qriqoleti avtomobil yolunun 11.5 kilometrlik hissəsinin və körpü keçidlərinin tikinti işlərinin icra edilməsi üçün müqavilə imzalanıb. Qeyd olunan işlər üzrə nəzarət xidmətini dörd beynəlxalq şirkətdən ibarət birgə konsorsium həyata keçirirdi və onun yerindəki fəaliyyətinin gündəlik nəzarəti isə öz növbəsində Avtomobil Yolları Departamentinə həvalə olunurdu. Layihənin gedişi və körpünün tikintisi dövründə nəzarətçi şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb və tikinti üzərində nəzarət funksiyası faktiki olaraq həyata keçirilməyib, bu isə Avtomobil Yolları Departamentinə məlum olub. Yuxarıda qeyd olunanlara baxmayaraq, Gürcüstanda olmayan beynəlxalq şirkətin eksperti yenə də tikinti şirkətinin nümayəndələri tərəfindən saxta şəkildə tərtib edilmiş işlərin yerinə yetirilməsi haqda aktları təsdiqləyirdi, bunu isə həm də Avtomobil Yolları Departamentinin sədrinin həmin dövrdəki müavini Levan Kupataşvili imzalayırdı.
“Bənzər şəkildə tərtib edilmiş saxta aktlar əsasında, Avtomobil Yolları Departamentinin sədrinin sabiq müavini Levan Kupataşvilinin vasitəsilə, tikinti sahəsində olmayan beynəlxalq ekspert guya göstərilən xidmətə görə yenə də 1 172 539 lari məbləğində ödəniş alıb. Layihəni həyata keçirən şirkət isə sonda körpünün uçması ilə müşaiyət olunan yerinə yetirilməmiş və keyfiyyətsiz icra edilmiş işlərlə 3 859 678 larini dələduzluq yolu ilə mənimsəyib. Sonrakı bərpa işləri üçün əlavə olaraq 12 milyon laridən çox vəsait xərclənib, ümumilikdə bu əməllə dövlət büdcəsinə 16 milyon laridən çox külli miqdarda maddi ziyan dəyib.
Yuxarıda qeyd olunan faktla əlaqədar saxlanılmış Avtomobil Yolları Departamentinin sədrinin sabiq müavininə qarşı ittiham qulluq mövqeyindən istifadə edərək külli miqdarda vəsaitin qanunazidd şəkildə israf edilməsi və vəzifə səlahiyyətinin sui-istifadəsi faktları üzrə irəli sürülüb, bu cəzanın növü və ölçüsü olaraq 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Tikinti şirkətinin direktoruna və layihə menecerlərinə qarşı ittiham vəzifə mövqeyindən istifadə edərək külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi və saxta sənədin hazırlanması faktı üzrə qiyabi şəkildə irəli sürülüb, bu cəzanın növü və ölçüsü olaraq 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Həmçinin, beynəlxalq şirkətlərin birgə konsorsiumunun qrup rəhbəri-mühəndisinə qarşı ittiham vəzifə mövqeyindən istifadə edərək külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə kömək etmək və saxta sənədin hazırlanması faktları üzrə qiyabi şəkildə irəli sürülüb, bu cəzanın növü və ölçüsü olaraq 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Prokurorluq təqsirləndirilən bütün şəxslər barəsində həbs-qətimkan tədbiri tətbiq olunması üçün məhkəməyə qanunla nəzərdə tutulmuş müddətdə müraciət edəcək. İş üzrə istintaq digər şirkətlər və ya vəzifəli şəxslərin mümkün cinayət əməllərinin aşkarlanması məqsədilə davam etdirilir” – Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə bildiriblər.