Prokurorluq Saqareco Munisipalitetində ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb

20:05, 07.11.2026

 

Gürcüstan Prokurorluğu Saqareco Munisipalitetində ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürüb. Məlumatı Prokurorluq yayır.

İstintaq qurumunun məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs keçmişdə mövcud münaqişə səbəbindən intiqam motivi ilə üç qardaşı öldürməyə qərar verib.

“Cari ilin noyabrın 5-də Saqareco Munisipalitetinin Lambalo kəndində təqsirləndirilən şəxs qeydiyyatda olan odlu silahdan qanunsuz şəkildə əldə edilmiş hərbi təyinatlı döyüş patronlarından istifadə etməklə qardaşlara bir neçə dəfə atəş açıb, onlardan ikisi aldığı güllə yaraları nəticəsində hadisə yerində dünyasını dəyişib, üçüncü qardaşa isə atılan güllələr dəyməyib. Silahdan atəş açılması nəticəsində qardaşların yanında olan vətəndaşın da həyat və sağlamlığı üçün təhlükə yaranıb. Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq gizlənib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu qısa zamanda saxlayıblar.

Saxlanılan şəxsə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “b” və “l” yarımbəndləri və 109-cu maddəsinin “b” və “l” yarımbəndləri (başqasının həyatı və ya sağlamlığı üçün qəsdən təhlükə yaradan üsulla ikidən çox şəxsi qəsdən öldürməyə cəhd və iki şəxsi qəsdən öldürmə) və 236-cı maddənin 3-cü və 4-cü hissələri (döyüş sursatını qanunsuz əldə etmə, saxlama, gəzdirmə) ilə irəli sürülüb, bu da cəza tədbiri kimi 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının seçilməsi barədə vəsatətlə məhkəməyə artıq müraciət edib” – məlumatda qeyd olunub.

Oxşar