Prokurorluq Qiorqi Baçiaşvilinin valideynlərinə qarşı cinayət təqibi başladıb
Prokurorluq Qiorqi Baçiaşvilinin valideynlərinə qarşı cinayət təqibi başladıb

 

Gürcüstanın Prokurorluğu qanunsuz gəlirin leqallaşdırılmasına kömək etmək ittihamı ilə məhkum edilmiş Qiorqi Baçiaşvilinin valideynlərinə qarşı cinayət təqibi başladıb. Bu barədə bəyanatı Gürcüstanın Prokurorluğu yayır.

“İctimaiyyətə məlum olduğu kimi, 2015–2017-ci illərdə Qiorqi Baçiaşvili, qanuni mülkiyyətində və idarəsində olan, mayninqə yatırılmış investisiya nəticəsində əldə edilmiş və Bidzina İvanişviliyə məxsus olan kriptovalyutanı, virtual aktivlərin müvafiq miqdarını investora verməyib və qanunazidd şəkildə Bidzina İvanişviliyə məxsus 8 986.8675 bitkoini mənimsəyib, bundan sonra da mənimsənilmiş aktivləri leqallaşdırıb.

Cari istintaq çərçivəsində müəyyən edilib ki, cinayət yolu ilə əldə edilmiş aktivlərin bir hissəsinə qanuni don geyindirmək üçün zəruri əməliyyatlara Qiorqi Baçiaşvili öz valideynlərini də cəlb edib. Konkret olaraq, A.B. və M.R.-in yardım və dəstəyi ilə xaricdən Gürcüstanın yurisdiksiyasına vəsaitlərin/aktivlərin köçürülməsi əməliyyatları ilə öz, eləcə də Qiorqi Baçiaşvilinin nəzarətində olan hesablarda toplanma və digər aktivlərlə qarışdırılmaqla, əmlakların alınması, sonradan satışı və nəticədə, əldə olunan vəsaitlərin Qiorqi Baçiaşvilinin nəzarətində olan hesablara köçürülməsi və nəhayət yerləşdirilməsi, ayırılması və inteqrasiyası üçün dəstək əməlləri ilə qanunsuz aktivlər maliyyə sistemində yığılırdı və müxtəlif növ əməliyyatlara cəlb olunurdu. Bu aktivlərin həqiqi təbiəti, mənşəyi, yeri, yerləşdirilməsi, hərəkəti və mülkiyyət hüquqları gizlədilir və maskalanırdı.

Nəticədə, Qiorqi Baçiaşvili valideynlərinin köməyi ilə 2017-2023-cü illərdə cinayət yolu ilə əldə etdiyi aktivlərdən 2 944 957 ABŞ dolları və 1 097 187 lari məbləğində qanunsuz gəliri leqallaşdırıb.

Hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 25-ci maddəsi, 194-cü maddənin 3-cü hissəsinin “q” yarımbəndində nəzərdə tutulmuş cinayətə görə ittiham üzrə qərar çıxarılıb, bu da cəzanın növü və tədbiri kimi 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq qətimkan tədbirinin seçilməsi tələbi ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – Gürcüstanın Prokurorluğu tərəfindən yayılmış bəyanatda qeyd olunub.