Prokurorluq – Patriarxlığın iqamətgahı yaxınlığında xuliqanlıq və əmlaka ziyan vurulması faktı üzrə bir nəfərə ittiham irəli sürülüb, psixiatrik ekspertiza təyin edilib
Prokurorluq – Patriarxlığın iqamətgahı yaxınlığında xuliqanlıq və əmlaka ziyan vurulması faktı üzrə bir nəfərə ittiham irəli sürülüb, psixiatrik ekspertiza təyin edilib

Gürcüstan Prokurorluğu Patriarxlığın iqamətgahı yaxınlığında baş vermiş xuliqanlıq və əmlaka ziyan vurulması faktı üzrə bir nəfərə ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, 20 may 2026-cı il tarixində təqsirləndirilən şəxs dini dözümsüzlük motivi ilə avtomobillə Patriarxlığın iqamətgahının ərazisinə daxil olub, burada şlaqbaumu, giriş qapısını və həyətdə dayanmış avtomobili zədələyib.

“Avtomobilə ziyan vurduqdan sonra o, həyətdə olan şəxslərə hədə-qorxu gəlib, zorakılıq təhdidləri ilə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib və ictimai asayişi pozub. Təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkənlərə 9350 lari məbləğində maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi (başqasının əmlakına ziyan vurma) və 239-cu maddəsinin üçüncü hissəsi (başqa əşyanın silah qismində istifadəsi ilə törədilmiş xuliqanlıq) ilə ittiham irəli sürülüb. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Cinayət işi üzrə davam edən istintaq çərçivəsində təqsirləndirilən şəxs barəsində psixiatrik ekspertiza təyin olunub”, – məlumatda bildirilir.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.