Prokurorluq parlament yaxınlığında etiraz aksiyasında saxlanılmış 3 nəfər barəsində polislərə hücum və başqasının əşyasına ziyan vurmaq faktları üzrə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu 3 nəfər barəsində parlament yaxınlığında keçirilən etiraz aksiyası zamanı polislərə hücum və başqasının əşyasına ziyan vurmaq faktları üzrə ittiham irəli sürüb.
Prokurorluğun məlumatında qeyd olunduğu kimi, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, noyabrın 29-da Tbilisidə Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı təqsirləndirilən şəxslərdən biri ictimai asayişi qorumaq üçün ərazidə olan Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşlarına pirotexniki vasitələr atıb. Nəticədə onlardan biri ayaq nahiyəsindən yanıq şəklində xəsarət alıb.
“Həmçinin, istintaqla müəyyən edilib ki, həmin gün ikinci təqsirləndirilən şəxs parlament binasının fasadında quraşdırılmış Fövqəladə Halların İdarəedilməsi Mərkəzi 112-nin balansında olan müşahidə sisteminə od vurub.
Təqsirləndirilən digər şəxsə gəlincə, istintaq müəyyən edib ki, o, dekabrın 1-də etiraz aksiyası zamanı parlament binasının otaqlarından birinə od vurub, bu zaman otaqdakı əşyalar zərər görüb və məhv olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üçünüdə dekabrın 1-də saxlayıblar. Onlardan biri barəsində Gürcüstan Cinayət Məcəlləsinin 353-cü Prima maddəsinin birinci hissəsi ilə (polisə hücum, polisin xidməti fəaliyyəti ilə əlaqədar) ittiham irəli sürülüb, bu da cəza olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur, təqsirləndirilən digər iki şəxs barəsində isə 187-ci maddənin ikinci hissəsi ilə ( od vurmaqla başqasının əşyasına ziyan vurmaq, xeyli ziyana səbəb olan) ittiham irəli sürülüb, bu da cəza olaraq 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə istintaq davam edir” – prokurorluğun məlumatında qeyd olunub.