Prokurorluq Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı rəsmən ittiham irəli sürüb
Prokurorluq Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı rəsmən ittiham irəli sürüb

 

Gürcüstanın Prokurorluğu qrup halında zorakılığın təşkili və rəhbərlik edilməsi, strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsinə cəhd, Gürcüstanın konstitusiya quruluşunu zorakı yolla dəyişdirməyə və dövlət hakimiyyətini devirməyə çağırış faktları üzrə Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı ittiham irəli sürüb.

Prokurorluqda keçirilən brifinqdə bəyan etdikləri kimi, Daxili İşlər Nazirliyində cari istintaq çərçivəsində müəyyən edilib ki, Paata Burculadze, Murtaz Zodelava və İrakli Nadiradze hakimiyyətə qarşı aqressiv əhval-ruhiyyəli olan vətəndaşların səfərbər edilməsi, toplaşması və zorakı hərəkətlərə cəlb olunması məqsədilə, özünüidarəetmə seçkilərindən bir neçə gün əvvəl, Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsi ilə bağlı açıq çağırışlar ediblər.

“Konkret olaraq: İrakli Nadiradze, Paata Burculadze və Murtaz Zodelava cəmiyyətə aqressiv əhval-ruhiyyəli vətəndaşların iştirak etməli olduğu inqilabın zəruriliyi barədə çağırış edirdilər. Onların bəyanatına əsasən, dövlət hakimiyyətini birlikdə devirəcəkdilər və bu əməllərin səmərəli şəkildə həyata keçirilməsi üçün cəmiyyətin müəyyən qruplarının kütləvi şəkildə cəlb olunması və birləşdirilməsi zəruri idi. İstintaqla həmçinin müəyyən edilib ki, yerli özünüidarəetmə seçkiləri günü oktyabrın 4-də Paata Burculadze, Murtaz Zodelava, İrakli Nadiradze, Laşa Beridze, Paata Mancqaladze və digər şəxslər qrup halında zorakı hərəkətlərin təşkilinə qərar veriblər və kütləvi informasiya vasitələri ilə bəyan ediblər ki, qrup halında zorakı hərəkətləri özləri təşkil edir və ona rəhbərlik edirdilər. Həmin gün, Azadlıq meydanında keçirilən etiraz aksiyasına toplaşmış vətəndaşlara Paata Burculadze hazırladıqları fəaliyyət planını təqdim etdi, bu plana əsasən, qrup halında zorakılığın iştirakçıları dərhal hakimiyyətin ayrı-ayrı nümayəndələrini saxlamalı və onlar üçün arzuolunmaz şəxslərə qarşı müxtəlif qeyri-qanuni təsir tədbirləri həyata keçirməli idilər.

Paata Burculadze tərəfindən cinayət planının elan edilməsindən sonra, Murtaz Zodelava aksiya iştirakçılarına çağırış edib ki, qrup halında zorakılığın iştirakçıları birlikdə Gürcüstan Prezidentinin inzibati binasına doğru hərəkət etsinlər və bu binanı güc tətbiq etməklə ələ keçirəcəkdilər və onlara hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaət etməməyi tapşırıb. Bu çağırışdan sonra Paata Burculadze, İrakli Nadiradze, Laşa Beridze, Murtaz Zodelava və qrup halında zorakı hərəkətlərdə iştirak edən digər şəxslər Azadlıq meydanından prezidentin inzibati binasına doğru irəlilədilər. Orbeliani meydanının yaxınlığındakı küçələrdə qrup halında zorakılığın iştirakçıları ağır əşyalardan istifadə etməklə və od vurmaqla, ətraf ərazidə yerləşən bələdiyyə və özəl şəxslərin mülkiyyətində olan əmlakı qəsdən məhv edirdilər, bir hissəsini isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmək və asayişin bərpasına maneə olmaq məqsədilə yolun hərəkət hissəsində barrikadalar qurmaq üçün istifadə edirdilər. Cinayətkar hərəkətlərin təşkilatçıları və zorakı qrupun iştirakçıları strateji və xüsusi əhəmiyyətli obyekt hesab olunan Gürcüstan Prezidentinin inzibati binasının yaxınlığına gəldikdən sonra onu ələ keçirmək məqsədilə qrup halında dəmir hasara zərər vurdular. Bundan sonra Murtaz Zodelava, Paata Burculadze, İrakli Nadiradze, Laşa Beridze və qrup halında zorakı hərəkətlərdə iştirak edən bir sıra şəxslər Prezident Administrasiyasının binasının həyətinə daxil oldular. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarını həm fiziki, həm də sözlü təhqir etdilər. Daşlarla və digər ağır əşyalardan istifadə etməklə onlara hücum etdilər. Bu hərəkətlərin nəticəsində strateji obyektin mühafizə hasarına ciddi zərər dəydi, ətraf ərazidəki infrastruktur, bələdiyyəyə və özəl şəxslərə məxsus əmlak məhv edildi.

İctimai asayişin qorunması və nizamın bərpası məqsədilə hakimiyyət nümayəndələrinin həyata keçirdiyi fəal tədbirlər nəticəsində strateji obyekt – Gürcüstan Prezidentinin inzibati binasının bloklanması və ələ keçirilməsi ilə bağlı cinayətkar plan həyata keçirilə bilmədi. Murtaz Zodelava, Paata Burculadze, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tezliklə saxlandılar. Murtaz Zodelavaya, Paata Burculadze və İrakli Nadiradzeyə qarşı ittiham Gürcüstanın Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi (strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsinə və bloklanmasına cəhd, qrup halında törədildikdə), 225-ci maddənin birinci hissəsi (qrup halında zorakılığın təşkili və rəhbərliyi) və 317-ci maddə (Gürcüstanın konstitusiya quruluşunu zorakı yolla dəyişdirməyə və dövlət hakimiyyətini devirməyə çağırış) ilə irəli sürülüb, bu isə cəzanın növü və ölçüsü olaraq 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Laşa Beridzeyə qarşı ittiham Gürcüstanın Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi (strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsinə və bloklanmasına cəhd, qrup halında törədildikdə) və 225-ci maddənin birinci hissəsi (qrup halında zorakılığın təşkili və rəhbərliyi) ilə irəli sürülüb, bu isə cəzanın ölçüsü olaraq 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Paata Mancqaladzeyə qarşı ittiham 225-ci maddənin 1-ci hissəsi (qrup halında zorakılığın təşkili) ilə irəli sürülüb, bu isə cəzanın növü və ölçüsü olaraq 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – prokurorluqda keçirilən brifinqdə bildiriblər.

Brifinqdə qeyd olunduğu kimi, Daxili İşlər Nazirliyində cinayətlə əlaqəsi olan digər şəxslərin üzə çıxarılması və müəyyən edilməsi məqsədilə cinayət işi üzrə istintaq davam edir.

“Gürcüstanın Prokurorluğu oktyabrın 4-də ən yüksək standartlarla keçirilən xüsusi tədbirlərə görə Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Dövlət Xüsusi Mühafizə Xidmətinə minnətdarlığını bildirir” – prokurorluqda keçirilən brifinqdə bildiriblər.