Prokurorluq Oni bələdiyyəsinin Şqmeri kəndində vəzifə səlahiyyətlərindən istifadə etməklə dələduzluq törətmə faktına görə bir nəfərə ittiham irəli sürdü
Gürcüstan Prokurorluğu Oni bələdiyyəsinin Şqmeri kəndində vəzifə səlahiyyətlərindən istifadə etməklə dələduzluq törətmə faktına görə bir nəfərə ittiham irəli sürüb. Məlumatı Gürcüstan Prokurorluğu yayıb.
“Maliyyə Nazirliyinin İstintaq Xidmətinin apardığı istintaqla müəyyən olunub ki, cari ilin avqust ayında Oni bələdiyyə sədrinin Şqmeri inzibati vahidindəki nümayəndəsi bir nəfərə vəd edib ki, guya vəzifə səlahiyyətlərindən istifadə etməklə öz fəaliyyət ərazisindəki meşə fondunun ərazisindən heç bir icazə olmadan faydalı qazıntı – 180 kisə torf çıxartmağa şərait yaradacaq. Əvəzində, bələdiyyə sədrinin nümayəndəsi həmin şəxsdən 15 avqust tarixində pul alıb və dələduzluq yolu ilə 1800 lari mənimsəməyə cəhd göstərib.
Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 19.180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “a” bəndi ilə (vəzifə səlahiyyətlərindən istifadə etməklə dələduzluğa cəhd) ittiham irəli sürülüb. Bu, cəza olaraq ya cəriməni, ya da 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcəkdir”, – deyə Prokurorluğun məlumatında qeyd olunub.