Prokurorluq Nikoloz Kvaratsxelianın sifarişlə, qrup halında qəsdən qətlə yetirilməsinin təşkili faktı üzrə Quram Kakulia, Davit Kakulia və Besarion Jvaniaya qarşı ittiham irəli sürəcək
Prokurorluq Nikoloz Kvaratsxelianın sifarişlə, qrup halında qəsdən qətlə yetirilməsinin təşkili faktı üzrə Quram Kakulia, Davit Kakulia və Besarion Jvaniaya qarşı ittiham irəli sürəcək

 

Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Nikoloz Kvaratsxelianın sifarişlə, qrup halında qəsdən qətlə yetirilməsinin təşkili ilə bağlı cinayət işi açılıb.

Qurumun məlumatına əsasən, prokurorluq Nikoloz Kvaratsxelianın sifarişlə, qrup halında qəsdən qətlə yetirilməsinin təşkili faktı üzrə Quram Kakulia, Davit Kakulia və Besarion Jvaniaya qarşı ittiham barədə qərar qəbul edib.

“Daxili İşlər Nazirliyində aparılmış istintaq nəticəsində müəyyən edilib ki, Quram və Davit Kakulia qardaşları dırnaqarası qanuni oğru Qia Kvaratsxeliadan qisas almaq və cinayət aləmində nüfuzlarını möhkəmləndirmək məqsədilə onun oğlu Nikoloz Kvaratsxelianın sifarişlə, qətlini planlaşdırıblar. Kakulia qardaşlarının atası, dırnaqarası qanuni oğru Davit Kakuliani 2001-ci ildə avqustun 25-də Moskva şəhərində qətlə yetiriblər, cinayət aləmində və cəmiyyətdə Qia Kvaratsxelianın guya Davit Kakulianın qətlini sifariş etdiyi barədə məlumat yayılırdı.

Quram və Davit Kakulialar Nikoloz Kvaratsxelianı sifarişlə qətlə yetirmək niyyətlərini dostları Besarion Jvaniaya açıqlayıblar və Nikoloz Kvaratsxelianın qətlini təşkil etməyə razılaşıblar. Besarion Jvania cinayətin icraçısını axtarmağa başlayıb, bu məqsədlə də tanışları Aleko Celidze və Qiorqi Kaviladze ilə əlaqə saxlayıb və onlara Kakulia qardaşlarının sifarişi ilə Nikoloz Kvaratsxelianın qrup halında, qətlini törətməyi təklif edib və onlar buna razılaşıblar. Besarion Jvanianın təşkilatçılığı ilə Aleko Celidze və Qiorqi Kaviladze 2021-ci ilin iyul və avqust aylarında qətlin sifarişçiləri və qətlin təşkili üçün lazımi təlimatlar verən Quram və Davit Kakulialar ilə görüşmək üçün bir neçə dəfə Ermənistan Respublikasına səfər ediblər.

Qəsdən adam öldürmənin təşkili və ona rəhbərlik edilməsini asanlaşdırmaq məqsədilə Davit və Quram Kakulialar 2021-ci ilin sentyabr ayının əvvəlində Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər. Bu barədə Besarion Jvania məlumatlı olub və o, onları İlia Cavcavadze prospekti N78-də yerləşən öz ailəsinə məxsus evə yerləşdirib. Aleko Celidze və Qiorqi Kaviladze mütəmadi olaraq qeyd olunmuş evə baş çəkiblər. Kakulia qardaşları onlara cinayət əməli zamanı onlarla ünsiyyət üçün nəzərdə tutulmuş “Redmi” modelinin mobil telefonunu veriblər.

Aleko Celidze və Qiorqi Kaviladze öz növbələrində cinayətin törədilməsi üçün nəzərdə tutulan qanunsuz olaraq odlu silah və patron əldə ediblər. Həmçinin, Nikoloz Kvaratsxelianın yaşadığı ünvanı müəyyən ediblər və gündəlik izləmə vasitəsilə onun hərəkətlərinin təfərrüatlarını öyrəniblər.

2021-ci ilin sentyabrın 14-də Aleko Celidze və Qiorqi Kaviladze “Hyundai Elantra” markalı avtomobil icarəyə götürüblər və cinayəti törətməyə hazırlaşıblar.

2021-ci ilin sentyabrın 15-də, təxminən saat 16:20-də Aleko Celidze və Qiorqi Kaviladze icarəyə götürdükləri “Hyundai Elantra” avtomobili ilə Tbilisiyə, Ancaparidze küçəsinə yaxın əraziyə gəliblər və şəxsi işi ilə əlaqədar olan Nikoloz Kvaratsxeliaya pusqu qurublar. Hadisə yerində Aleko Celidze Nikoloz Kvaratsxeliaya odlu silahla bir neçə dəfə atəş açıb. Nikoloz Kvaratsxelia hücumçudan xilas olmaq üçün qaçmağa çalışıb, lakin Aleko Celidze onu təqib edib və onun istiqamətində atəş açmağa davam edib, bununla da həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirib. Atışmadan sonra Aleko Celidze və Qiorqi Kaviladze sonuncunun idarə etdiyi avtomobillə hadisə yerindən qaçıblar. Hadisə yerinə toplaşan insanlar Nikoloz Kvaratsxelianı xəstəxanaya aparıblar, lakin o, aldığı xəsarətlərdən həmin gün dünyasını dəyişib.

Cinayət əməlini həyata keçirdikdən dərhal sonra Aleko Celidze və Qiorqi Kaviladze telefonla qətlin sifarişçiləri – Quram və Davit Kakulia qardaşlarına baş verən hadisə barədə məlumat veriblər. Bundan sonra da qardaşlar bir neçə dəqiqə ərzində müvəqqəti yaşadıqları yeri – Besarion Jvanianın ailəsinə məxsus evi tərk ediblər. Həmçinin Qiorqi Kaviladze taksi sürücüsünün mobil telefonu vasitəsilə Besarion Jvania ilə əlaqə saxlayıb və söhbət zamanı Nikoloz Kvaratsxelianın qətlə yetirilməsi barədə eyham vurub.

Gürcüstan Prokurorluğu Nikoloz Kvaratsxelianın sifarişlə, qrup halında qəsdən qətlə yetirilməsinin təşkili faktı üzrə Quram Kakulia, Davit Kakulia və Besarion Jvaniaya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 25, 109-cu maddəsinin 2-ci hissəsinin “e” və 3-cü hissəsinin “q” yarımbəndi (2021-ci ildə qüvvədə olan redaksiyaya əsasən) ilə ittiham irəli sürəcək, bu isə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur”.