Prokurorluq mütəşəkkil qrup tərəfindən külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə 4 nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu mütəşəkkil qrup tərəfindən külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə 4 nəfərə qarşı ittiham irəli sürüb.
Prokurorluğun məlumatına əsasən, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Batumidə yaşayış evlərini icarəyə götürüblər və daşınmaz əmlakın girov qoyulması ilə maraqlanan şəxsləri həmin mənzilləri guya kredit müqabilində girov qoymaq və müvəqqəti istifadəyə vermək hüququna malik olduqlarına inandırıblar. Nəticədə, onlar 16 zərərçəkmiş şəxsdən dələduzluq yolu ilə 461 306 lari mənimsəyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin qərarı əsasında təqsirləndirilən şəxsləri Batumidə saxlayıblar. Onlara qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” və 4-cü hissəsinin “a” yarımbəndləri (mütəşəkkil qrup tərəfindən külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmə) ilə irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 10 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə 4 təqsirləndirilən şəxsin hamısı barəsində həbs qətimkan tədbiri artıq seçib.