Prokurorluq metronun “Dövlət Universiteti” stansiyasında qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb
Prokurorluq metronun “Dövlət Universiteti” stansiyasında qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, dekabrın 10-da Tbilisidə metronun “Dövlət Universiteti” stansiyasında təqsirləndirilən şəxs heç bir səbəb, heç bir bəhanə olmadan, xüsusi amansızlıqla, metrostansiyasının sərnişinlərinin gözü qarşısında platformada dayanan naməlum şəxsi itələyib və relslərin üzərinə atıb, bu zaman hərəkətdə olan elektrik lokomotivi onu vurub. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində dünyasını dəyişib” – prokurorluğun məlumatında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “v” və “m” yarımbəndləri ilə ittiham (qəsdən adam öldürmə, xuliqanlıq və xüsusi amansızlıqla törədildikdə) irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbsin seçilməsi vəsatəti ilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – qurumdan bildirirlər.