Prokurorluq – Levan Xabeişvilinin telefonu ilə bağlı prokurorun şərhinin yanlış təfsiri dezinformasiyanın yayılmasına və qurumun nüfuzdan salınmasına xidmət edir
Gürcüstan Baş Prokurorluğu açıqlama yayıb və bildirib ki, Levan Xabeişvilinin mobil telefonu ilə bağlı prokurorun şərhi yanlış şəkildə təfsir olunub, bu isə dezinformasiyanın yayılmasına və qurumun nüfuzdan salınmasına xidmət edir.
“Açıqlama vermək istəyirik ki, media və sosial şəbəkələrdə yayılan, guya prokurorun mediaya şərhində Levan Xabeişvilinin mobil telefonunun açıla bilmədiyini dediyi barədə məlumat yalandır.
Xüsusilə vurğulamaq istəyirik ki, prokuror mediaya verdiyi şərhdə açıqlayıb ki, Levan Xabeişvilinin mobil telefonuna baxış hələ həyata keçirilməyib, çünki bu mərhələdə ekspertiza belə təyin olunmayıb. O, həmçinin proseduru və texniki detalları izah edib ki, ümumiyyətlə, iPhone modellərinin bəzi hallarda açılması mümkündür, bəzi hallarda isə mümkün olmur. Prokurorun şərhinin yanlış təfsiri isə cəmiyyətdə dezinformasiyanın yayılmasına və qurumun nüfuzdan salınmasına xidmət edir”, – deyə Prokurorluğun açıqlamasında qeyd olunur.